Gənc nəslin hidrometeorologiya elminin gündəlik həyatımızdakı tətbiqlərinə dair fundamental biliklərini artırmaq məqsədilə "Azərbaycan Beynəlxalq Maarif Məktəbi"nin şagirdləri üçün Milli Hidrometeorologiya Xidmətinə informativ ekskursiya təşkil edilib.
Tədbir zamanı Xidmətin əməkdaşları tərəfindən məktəblilərə Milli Hidrometeorologiya Muzeyinin zəngin kolleksiyası, o cümlədən, ölkəmizin hidrometeoroloji keçmişini əks etdirən nadir fotolar, müxtəlif alətlər, ölçü cihazları nümayiş etdirilib, onların iş prinsipləri və əhəmiyyəti haqqında ətraflı izah verilib.
Ekskursiyanın davamında şagirdlərə Situasiya Mərkəzində hidrometeoroloji müşahidələrin necə aparıldığı, məlumatların toplanması və işlənməsi prosesləri, eləcə də bu məlumatlardan istifadə edərək müasir hava proqnozlarının hazırlanma mərhələləri interaktiv metodlarla əyani şəkildə nümayiş olunub.
Daha sonra Xidmətin ərazisində yerləşən ənənəvi meteoroloji müşahidə stansiyasının nümunəsi göstərilərək meteoroloji göstəricilərin ölçülməsi və bu göstəricilər əsasında məlumatların əldə olunması, toplanması əyani olaraq göstərilib.
Tədbirin yekununda Xidmətin mütəxəssisləri tərəfindən uşaqlara ölkəmizdə hidrometeorologiya sahəsində həyata keçirilən önəmli fəaliyyətlər barədə geniş məlumat verilib və onları maraqlandıran suallar cavablandırlıb. Ekologiya.az