Hər iki ölkədə bəzi sosial qruplar məsələn, hərbiçilər, dövlət qulluqçuları və ağır iş şəraitində çalışan şəxslər pensiya kapitalını vaxtından əvvəl və ya birdəfəlik şəkildə əldə edirlər. Bu təcrübə vətəndaşlara maddi çeviklik qazandırır və bəzi hallarda sosial rifahın artmasına xidmət edir. Bəs görəsən, bu model Azərbaycanda tətbiq oluna bilərmi?
Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov KONKRET.az-a açıqlamasında bildirib ki, aidiyyəti üzrə dövlət siyasətini həyata keçirən qurumlar bu məsələyə isti yanaşmırlar.
“Hazırda Dövlət Sosial Müdafiə Fondu (DSMF) öz xərclərini tam şəkildə qarşılamır. Vətəndaşların pensiya kapitalının müəyyən hissəsini birdəfəyə çıxarmaq hüququnun tanınması isə müəyyən risklər yarada bilər. Belə ki, gözlənilməz axınlar bu istiqamətdə vətəndaş tələbinin artması ilə nəticələnər. Nəzərə alsaq ki, bu dövrlərdə DSMF-nin gəlirləri azalır, maliyyə çatışmazlığı və Fondun öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkməsi riski yaranır.
Azərbaycanda bu hüququn müəyyən şərtlərlə tanınması mümkündür. Belə bir addım təşviqedici ola, vətəndaşların pensiya kapitalına vəsait toplamağa marağını artıra, əmək bazarının leqallaşmasına dəstək verə, ümumilikdə insanların həyat şəraitinin yaxşılaşmasına şərait yarada bilər”.
İqtisadçı qeyd edir ki, Türkiyə təcrübəsində əhali qrupları pensiya kapitalından birdəfəlik istifadə hüququndan yararlanaraq mənzil əldə edib.
“Bu, həmin ailələrin yaşayış şəraitinin yaxşılaşdırılmasına, rifah göstəricilərinin yüksəlməsinə və həyat tərzinin inkişafına səbəb olub. Eyni zamanda, bu vəsaitlərin hər hansı bir xəstəliyin müalicəsində istifadə edilməsi insan həyatında ciddi dəyişikliklərə gətirib çıxara bilər. Belə hallarda bu dəstəyin dəyəri heç bir ölçülə gəlmir.
Amma parçalanmış ödənişlər ailənin strateji planlama imkanlarını məhdudlaşdırır, onların rifahına, sağlamlıq və mənzil şəraitinin yaxşılaşdırılmasına ciddi təsir göstərmir. Dolayısı ilə bu halda faydalılıq əmsalı aşağı düşür. Hazırda bu istiqamətdə yaxın dövrdə hər hansı qərarın qəbul ediləcəyi ehtimalı azdır”.
Aynurə İsmayıl
KONKRET.az