“Son 5 oyunun dördündə 90 dəqiqə meydanda olmuşam. Rəqib çox hörmət etdiyimiz “Yeni Malatyaspor” idi. Kifayət qədər köklü klubdu. Hazırda yaxşı günlərini yaşamırlar. Onlara qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
Bu sözləri İdmanxeber.az saytına Türkiyənin “Boluspor” klubunda çıxış edən Vüsal İsgəndərli deyib. I Liqanın son turunda Malatya təmsilçisinə qarşı fərqlənməyi bacaran azarbaycanlı oyunçu daha sonra belə davam edib:
“Buradakı karyeram bir az keşməkeşli oldu. Gah oynadım, gah kənarda qaldım. Bunların səbəbini əslində bilirəm. Amma indi bu barədə danışmaq istəmirəm. Məni komandaya gətirən baş məşqçi (red- Yalçın Koşukavak) yenidən vəzifəyə gələndən sonra bütün oyunlarda şans qazandım. Klubun məqsədi var, Super Liqa üçün pley-offlara vəsiqə qazanmaq istəyirik. İnanıram ki, bu nəticəni əldə edəcəyik”.
Mövsüm sonu Bolu təmsilçisi ilə müqaviləsi başa çatacaq İsgəndərli gələcək kareyrası barədə də danışıb:
“Əslində bir neçə variant var. “Boluspor”da qala bilərəm. Amma Türkiyənin digər komandalarından və Albaniya klublarından da mənə təkliflər var. Mövsümün sonunda gələcək karyeram barədə yekun qərarımı verəcəm”.
Həsən Quluzadə