Bakı, 7 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika Hüquq Olimpiadası keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, olimpiadanın keçirilməsində məqsəd hüquq ixtisası üzrə təhsil alan tələbələrin nəzəri bilik və praktiki bacarıqlarını üzə çıxarmaq, onların hüquqi düşünmə və təhlil qabiliyyətlərini inkişaf etdirmək, hüquqşünas gənclər arasında sağlam rəqabət mühitinin formalaşmasına töhfə verməkdir.
Tədbirdə 8 ali təhsil müəssisəsinin (BDU, ADA Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası, Milli Aviasiya Akademiyası, Qarabağ Universiteti, Naxçıvan Dövlət Universiteti) tələbələri iştirak ediblər. İştirakçılar hüququn müxtəlif sahələrinə dair nəzəri və praktik xarakterli sualları cavablandırıblar.
Açılış mərasimində BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev Respublika Hüquq Olimpiadasının ilk dəfə 2024-cü ildə Hüquq fakültəsi tərəfindən təşkil olunduğunu xatırladıb. O, 2025-ci ilin xüsusi önəm daşıdığını vurğulayaraq, olimpiadanın məhz Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiyanın qəbul edilməsinin 30 illiyi və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Qələbənin 5 illiyi ərəfəsində keçirilməsinin əhəmiyyətini qeyd edib. Zaur Əliyev Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin isə qalib Azərbaycan dövlətinin qurucusu olduğunu diqqətə çatdırıb.
Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov qalib, suveren ölkənin hüquqşünas gənclərinin üzərinə xüsusi məsuliyyət düşdüyünü xatırladıb: “Tələbələrə hər zaman müstəqilliyimizə, suverenliyimizə töhfə verməyi arzu edirəm. Çünki hüququn müxtəlif sahələrində, o cümlədən beynəlxalq hüquq sahəsində bu qələbimizi möhkəmləndirmək üçün mütəxəssislər lazımdır”.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Talıb Cəfərov çıxışında prokurorluq orqanları ilə ali təhsil müəssisələri arasında uğurlu əməkdaşlığın tələbələr üçün yaratdığı imkanlardan bəhs edib, gənclərin prokurorluq sisteminə marağının artdığını bildirib.
Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov isə tələbələrin təşəbbüsü ilə gerçəkləşən layihələrin əhəmiyyətini vurğulayıb, Fondun gənclərin inkişafı və ictimai fəallığının təşviqi istiqamətində həyata keçirdiyi layihələr haqqında məlumat verib.
Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev çıxışında hüquq təhsili alan tələbələr arasında intellektual müsabiqələrin keçirilməsinin onların biliklərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini önə çəkib.
Fakültənin Tələbə Gənclər Təşkilatının sədri Veysəl Mirzəzadə olimpiadanın formatı, mərhələləri və texniki xüsusiyyətləri barədə ətraflı məlumat verib.
Olimpiada iki mərhələdən ibarət olub. Münsiflər heyətinin qərarına əsasən, I yerə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, II yerə Dövlət Gömrük Komitəsinin Akademiyası, III yerə isə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının tələbələri layiq görülüblər. Olimpiadanın keçirilməsinə göstərdikləri dəstəyə görə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, eləcə də tərəfdaş qurumlar – “BM Morrison Partners” hüquq şirkəti, “De Fendo” vəkil bürosu, “Mirzəyev və partnyorları” vəkil bürosu və “Ekvita” hüquq şirkətinə təşəkkür elan olunub.