Cənab Prezident dəfələrlə bəyan edib ki, məmurlar xalqa xidmət etməlidir. Onlar Prezidentlə xalq arasında körpü rolunu oynamalıdır. Amma gəlin real mənzərəyə baxaq: bu “körpü”lər hardadır? Əksinə, bir çox hallarda həmin məmurlar Prezidentin siyasətini, xalqa yönəlik niyyətini pozur, insanlar arasında narazılıq və inamsızlıq yaradır. Körpü rolunu oynamaq əvəzinə, sanki məqsədyönlü şəkildə uçurum yaradırlar. Niyə?
Bu sualın cavabı acı, amma sadədir: həmin şəxslər verilən səlahətin müvəqqəti olduğunu, bu vəzifələrin bir gün əllərindən alınacağını unudurlar. Özlərini xalqa xidmət edən deyil, xalqdan üstün görürlər. Elə bilirlər ki, vəzifə ömürlükdür. Özlərini “kiçik padşah” kimi aparan bu məmurlar unudurlar ki, onları ora Prezident təyin edib — xalq üçün işləmək, xalqın dərdini dinləmək üçün.
Məntiq sadədir: Prezident islahat istəyir, şəffaflıq tələb edir, insanlara diqqət göstərilməsini deyir. Amma yerli məmur — rayon icra başçısı, nazirlik əməkdaşı və ya idarə rəhbəri — bunu ya eşitmir, ya da bilərəkdən pozur. Bu isə birbaşa dövlətə qarşı hörmətsizlikdir. Məmur xalqa əziyyət verirsə, Prezidentin nüfuzuna zərbə vurur.
Xalqla dövlət başçısı arasında inam bağları bu məmurların davranışı ilə ya möhkəmlənir, ya da qopur. Bu qədər məsuliyyətli vəzifəni daşıyan şəxsin anlamaması ki, kreslo müvəqqətidir, böyük düşüncə çatışmazlığının göstəricisidir. Vəzifəni şəxsi imtiyaz vasitəsinə çevirən, özünü toxunulmaz sayan hər bir məmur, əslində, dövlətin altını oyur.
Xalq artıq susmur. İnsanlar görür, kim həqiqətən xidmət edir, kim sadəcə görüntü yaradır. Prezidentin iradəsi də budur: xalqa xidmət edən qalsın, xalqı əzən getsin. Bu çox açıq və dəqiq mesajdır. Amma bəzi “kresloda oturanlar” ya bu mesajı anlamır, ya da anlamazdan gəlirlər. Unutmasınlar: tarix və xalq heç kimi bağışlamır.
Azər Yadigaroğlu