“Xanlar Vəliyevin bu pulları haradan əldə etdiyi araşdırılmalıdır”.
Mia.az xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Partiya sədri tanınmış iş adamı Hacı İbrahim Nehrəmliyə məxsus “Avesta Konserni”ni keçmiş hərbi prokuror Xanlar Vəliyevin oğlunun 14 milyona alması haqda yayılan məlumatlara münasibət bildirib.
Müsahibimiz xəbərin doğru olması təqdirdə, Xanlar Vəliyevin bu qədər vəsaiti haradan əldə etməsi haqqında şərh bildirib: “Belə mövzulara siyasi partiya lideri yox, prokurorluq, hüquq-mühafizə orqanları cavab versə, daha yaxşı olar. Belə iri miqdarda pullarla bağlı onlar şərh verməlidir. Konkret olaraq Azərbaycanda son illərdə korrupsiya ilə bağlı yüzlərlə məhkəmə işi var, amma biz bilirik ki, yerdə qalan məmurların hamısı eyni işlə məşğuldur. Buna görə də Azərbaycanda məmurların gəlirləri üzərində də nəzarət yoxdur”.
ADP lideri xatırladıb ki, bir neçə gün öncə mətbuatda Ramiz Mehdiyevin 9 milyon dollara villa satması ilə bağlı məlumat çıxıb:
“Oğlunun aldığı maaş məlum, keçmişi məlum… Heç kim ona sual vermir ki, sən Prezident aparatının keçmiş rəhbəri olaraq milyardlara yaxın pulu haradan əldə etmisən?! Təbii ki, bunlar hamısı korrupsiya, dövlət büdcəsinin talan edilməsi yolu ilə əldə edilib. Tərtər hadisələrində Xanlar Vəliyevin rolu hamımıza məlumdur. Tərtər hadisələri ilə Xanlar Vəliyevin 14 milyonu arasındakı əlaqənin olub olmaması araşdırmalıdır”.
“Biz belə hesab edirik ki, Tərtər cinayətləri Rusiyanın təhriki ilə buradakı emissarları tərəfindən Azərbaycan ordusunun gözünü qorxutmaq, Azərbaycan zabitlərini demoralizə etmək məqsədilə həyata keçirilmiş bir aksiyadır. Bu mənada, Xanlar Vəliyev də orda iştirak edibsə, əlaqələri, nəyin qarşılığında bu cinayətlərin üstünü örtüb və s. – bunlar hamısı araşdırılmalıdır. Təəssüf ki, bəzi hallarda qanunlar işləmir, ictimai rəyə isə diqqət edən yoxdur. Bu da ona gətirib çıxarır ki, məmurlar bu cür nəhəng pullara malik olurlar”, – deyə o, fikirlərini tamamlayıb.