Yusif Nəbiyev: Burada qadına “səni cəmiyyət qarşısında utandırıram, biabır edirəm” mesajı verilir
Masallı rayonunda qeyri-rəsmi nikahda yaşadığı qadına qarşı zorakılıq əməlləri törətmiş şəxs həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə mayın 2-də Masallı şəhəri Hakimiyyət küçəsindəki evdə baş verib.
1981-ci il təvəllüdlü Anar Məmmədli qeyri-rəsmi nikahda yaşadığı Gülər Səmədovanı (ad-soyad şərtidir) döyərək əl-qolunu bağlayıb. O, ülgüclə G.Səmədovanın saçını qırxıb.
G.Səmədova gecə saat 23 radələrində ona qarşı törədilmiş hadisə ilə bağlı polisə müraciət edib. Təxminən 3 saat sonra A.Məmmədli saxlanılıb. O, saxlanılarkən müqavimət göstərərək səs-küy salıb, ünvansız söyüşlər söyməyə başlayıb.
Anar barəsində inzibati protokol tərtib edilib və Masallı Rayon Məhkəməsinə göndərilib. A.Məmmədli məhkəmədə hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.
Məhkəmənin qərarı ilə ona 8 sutka inzibati həbs cəzası verilib.
Qeyd edək ki, hazırda həmin şəxsin qadına qarşı hüquqazidd əməli ilə bağlı araşdırma aparılır.
Sosioloq Yusif Nəbiyev Sherg.az-a bildirib ki, ilk olaraq onu deyim ki, bu hadisəni eşidəndə bütün elmi və ya ixtisas kimliklərindən müstəqil olaraq, sırf bir Azərbaycan kişisi olaraq ikrah və təəssüf hissi keçirdim:

“Bu hadisə (xanımın saçının qırxılması) sadəcə fiziki bir akt deyil, simvolik bir güc nümayişidir. Bourdieu bunu “simvolik zorakılıq” adlandırır. Bu, zorakılığın elə bir formasıdır ki, nə zorakılığı edən, nə də ona məruz qalan onu açıq şəkildə zorakılıq kimi qəbul etmir. Burada qadına “səni cəmiyyət qarşısında utandırıram, biabır edirəm” mesajı verilir. Fikir versək, burada tərəflərin qeyri-rəsmi nikahda olmaları məsələsi də təsadüfi deyil. Qeyri-rəsmi nikah, hüquqi tanınma olmadan, qadının cəmiyyət və dövlət qarşısında müdafiəsiz qalması deməkdir. Belə münasibətdə qadın hüquqsuz, sosial təhlükəsizlikdən məhrum və kişidən tam asılı vəziyyətdə olur. Mədəni səviyyədə isə bu, qadının statusunun qeyri-müəyyən qalmasına, kişiyə isə sanki öz "mülkü" üzərində tam sərəncam hüququ verir. Bu cür hadisələrin kökündə duran əsas sosial səbəb isə gender rollarının hələ də köhnəlmiş kodlarla yaşamasıdır. Çünki, burada da kişi “əxlaq keşikçisi”, qadın isə “ailənin şərəf daşıyıcısı” kimi görülür. Bu kodlar dəyişmədikcə, bu tip zorakılıqlar da baş verəcək. Üstəlik fərdi və lokal hadisə kimi yox, sistematik sosial repressiya olaraq. Düşünürəm ki, bu hadisəyə, əslində, böyük bir sosial nizamsızlığın simptomudur. Və təəssüf ki, hüquqların tanınmadığı "sevgi" fonunda qeyri-rəsmi münasibətlərdə qadının daha da zəifləməsi və kişinin öz gücündən şəxsi mülkiyyət refleksi ilə istifadə etməsi halları qaçılmazdır. Yəni, bu problemi sadəcə 8 sutkalıq bir cəza ilə kökündən həll etmək mümkün deyil. Mütləqdir ki, cəmiyyətin dərin düşüncə kodlarında köklü dəyişikliklər edilməli və münasibətlərin hüquqi zəmində tənzimlənməsinin yolları asanlaşdırılmalıdır. İstər hüquqi, istər mədəni maarifləndirmə proqramları vasitəsilə problemə konstruktiv yanaşma tətbiq olunmalıdır”.