AZ

S&P: Azərbaycan bank sektoru islahatlar və kredit artımı sayəsində dayanıqlı inkişaf yolundadır

Bakı, 7 may, AZƏRTAC

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin yeni hesabatında Azərbaycanın bank sektorunun son dövrlərdə həyata keçirilən islahatlar və davamlı kredit artımı fonunda regionda müsbət inkişaf nümayiş etdirdiyi vurğulanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın bank sektorunun risk qiymətləndirilməsi “sabit”dən “müsbət”ə yüksəldilib. Bu, 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyası çərçivəsində aparılan tənzimləmə və nəzarət islahatlarının nəticəsidir.

S&P 2025-ci ildə bank sektorunda 15 faizlik kredit artımı proqnozlaşdırır. Bu artımın əsas hərəkətverici qüvvələri kimi pərakəndə kreditləşmənin genişlənməsi və infrastruktur layihələrinə yatırımlar göstərilir. Agentlik bildirir ki, problemli kreditlərin ümumi kredit portfelindəki payı 2024-cü ildə 3 faiz, 2025-ci ildə 3,2 faiz, 2026-cı ildə isə 3,4 faiz səviyyəsində proqnozlaşdırılır ki, bu da sektorun aktiv keyfiyyətində nisbətən sabitliyə işarədir.

Bankların əsas müştəri depozitləri ilə maliyyələşməsi güclənib, nəticədə xarici borclanma ehtiyacı azalıb. Bu isə maliyyə dayanıqlığını daha da möhkəmləndirən amil kimi qiymətləndirilir.

Bununla yanaşı, S&P qeyd edir ki, idarəetmə və şəffaflıq sahəsində beynəlxalq standartlarla müqayisədə hələ də zəifliklər mövcuddur. Lakin həyata keçirilən islahatlar bu istiqamətdə də irəliləyiş üçün zəmin yaradır. Agentliyin yekun qənaətinə görə, Azərbaycan bank sektoru 2025-ci ildə sabit və dayanıqlı inkişafını davam etdirəcək.

Seçilən
0
1
azertag.az

2Mənbələr