"Quba"nın basketbolçusu Zaur Paşayev mayın 24-25-də Bakıda keçiriləcək 3x3 növü üzrə dünya çempionatının seçmə mərhələsində kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi olacaq.
Bu barədə "Report"a 41 yaşlı idmançı açıqlama verib.
Təcrübəli basketbolçu özünün də turnirdə oynaya biləcəyini söyləyib:
"Sərəncamımızda 5-6 oyunçu olacaq. Hələlik Amil Həmzəyev, Kamran Əliyev, Şirzad Şirzadovun adını çəkə bilərəm. Azərbaycan Basketbol Liqası başa çatandan sonra 7-8 basketbolçu ilə məşqlərə başlayacağıq. Kimlərin oynayacağını sonra müəyyənləşdirəcəyik. Çempionat yekunlaşmadığı üçün hazırlığa başlamamışıq. Mən özüm də seçmə mərhələdə oynaya bilərəm".
Qeyd edək ki, yarışda kişilərdən ibarət Azərbaycan millisi ilə yanaşı, Monteneqro, Kanada, Böyük Britaniya, Ruanda və İran yığmaları mübarizə aparacaq. Seçmə mərhələnin ən yaxşı 3 komandası dünya çempionatının əsas mərhələsində iştirak etmək hüququ qazanacaq.