AZ

Gender bərabərliyi daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub- ÖZƏL

"Ümummilli Lider Heydər Əliyev gender siyasətini dövlətin əsas prioritetlərindən biri kimi qiymətləndirmiş, qadınların ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatında fəal iştirakını daim dəstəkləmişdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib: "Ulu Öndərin qadın qurultaylarında söylədiyi dərin məzmunlu çıxışlar və səsləndirdiyi səmimi fikirlər, gələcəyə dair ümid dolu arzuları qadınları ruhlandırmış, onları daha fəal olmağa və ölkənin inkişafında mühüm rol oynamağa təşviq etmişdir. Heydər Əliyev qeyd etmişdir: "Mən Azərbaycan qadınlarının dövlət işində də fəaliyyətini xüsusi qiymətləndirirəm. Bu, bir tərəfdən Azərbaycan qadınlarının fəallığıdır, ikinci tərəfdən də Azərbaycanda qadınlara öz istedadlarını, bilik və bacarığını həyata keçirmək, realizə etmək üçün yaranan imkanların nəticəsidir". 

Ulu Öndərin təşəbbüsü ilə Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Ölkəmizin qoşulduğu ilk beynəlxalq konvensiyalardan bir neçəsinin məhz qadın və uşaq hüquqları ilə bağlı olması bu məsələyə verilən önəmin bariz göstəricisidir. Həmin sənədlər milli qanunvericiliyin təkmilləşdirilməsinə, yeni hüquqi mexanizmlərin formalaşdırılmasına və zorakılıqla mübarizəni hədəfləyən ümumi prinsiplərin tətbiqinə mühüm təkan vermişdir.

Uşaqların sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övladlar kimi böyüməsi kimi mühüm məsələlər Ümummilli Liderin daim diqqətində olmuşdur. "Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm", - deyən dahi şəxsiyyətin rəhbərliyi ilə müstəqillik illərində ölkəmizdə bu istiqamətdə yürüdülən siyasət yeni forma və məzmun qazanmış, həmin sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Ulu Öndər qeyd etmişdir: "Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr