AZ

Ulu Öndər Heydər Əliyev müstəqil və müasir Azərbaycanın memarı



Sovetlər Birliyi dövründə Azərbaycana rəhbərlik edən, bəşəri düşüncəli Ümummilli Lider ölkəmizi qabaqcıl respublikalar sırasına çıxardığı kimi, 1993-cü ildə siyasətə qayıdışı ilə dövlətçilik tarixinin yeni mərhələsinin əsasını qoydu. Müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid, dünya birliyinin tanıyıb, hörmət etdiyi Azərbaycan kimi bir dövləti yaratmaq xilaskar kimi ona nəsib oldu. Onun hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı. 1993-cü ilin 3 oktyabrında keçirilən prezident seçkilərində yüksək etimad qazanan və 11 oktyabr 1998-ci ildə qələbəsini təkrarlayan Heydər Əliyev milyonların ürəyindən keçən istəkləri reallaşdırdı: «Belə yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram... Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.» Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində reallaşdırdığı genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını doğrultmaqla ölkəmizin dünya birliyinə açılan yoluna işıq saldı. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycanın sözü ilə imzası arasında heç bir fərq yoxdur. Regionda və dünyada yeni reallıqlar yaradan Azərbaycan bölgədə dayanıqlı sülhün təmin edilməsi məqsədilə Ermənistana sülh təklifini edir, yeni əməkdaşlıq formatlarının yaradılması üçün bu mühüm addıma böyük ehtiyacın olduğu bildirilir. Azərbaycan hər zaman olduğu kimi, bu gün də dünyaya sülh, dostluq, əməkdaşlıq çağırışını edir.
Zəfərimiz Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurların məcmusu, gələcək hədəflərin təqdimatı oldu. 1993-cü ildən başlanan inkişaf, tərəqqi yolu müasir Azərbaycana möhtəşəm uğurlar qazandırır. Azərbaycanın gələcək inkişaf yolunun parametrlərini zəngin dövlətçilik təcrübəsinə əsasən xalqa çatdıran Ümummilli Lider əsas vəzifə kimi respublikada dövlət quruculuğuna diqqət yetirdi. «Müstəqil Azərbaycanda hüquqi demokratik dövlət qurulmalıdır, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir və tarixi ənənələrindən, milli ənənələrdən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir» söyləməklə dünya siviliyaziyasına daxil olmağın yollarını müəyyənləşdirdi, prioritetləri qarşıya qoydu. Demokratik cəmiyyətdə insan hüquqlarının qorunması, çoxpartiyalı sistemin yaradılması, müxalif qüvvələrlə konstruktiv əməkdaşlıq baxımından qanunlara əsaslanan mövqeyini bəyan etdi.
Dövlət siyasətinin əsas prioritetləri kimi böyük əhəmiyyətə malik, Avropa və dünya birliyi dövlətlərinin enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş sayılan Azərbaycanın lider dövlət kimi tanınmasının təməlində də Ulu Öndər tərəfindən qoyulan daxili və xarici siyasətin uğurlu həlli dayanır. Bütün xalqlar və dövlətlərlə qarşılıqlı anlaşma, əməkdaşlıq siyasətini yeridən, Azərbaycanın ən tanınmış beynəlxalq təşkilatlarda təmsil olunub, söz sahibi nüfuzu qazanması müdrik bir siyasətin məntiqi nəticəsi kimi bu gün də özünü doğruldur.
Bütün fəaliyyəti ilə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun, Ümummilli Liderin zəngin dövlətçilik məktəbinin layiqli davamçısı olduğunu təsdiqləyən cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin uğurlu icrası nəticəsində Azərbaycan ən ucqar dağ kəndləri də daxil olmaqla böyük quruculuq meydanını xatırladır. Artıq keçid dövrünü başa vuraraq dünya standartlarına və bazar iqtisadiyyatının müasir tələblərinə uyğun layihə və islahatların tətbiqinin davam etdirilməsini vacib hesab edən Prezident İlham Əliyev başlıca amil kimi neft strategiyasının daha geniş miqyasda həyata keçirilməsi, dünya siyasətinə uyğunlaşdırılması, demokratiyanın tam qələbəsi naminə inamlı addımlar atır. Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın iqtisadi inkişaf baxımından qüdrətli ölkə, Prezident İlham Əliyevin lider dövlət başçısı adlandırılmasının özü Heydər Əliyev ideyalarının təntənəsi və qələbəsidir.
Prezident İlham Əliyev bildirir: «Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir.»
Heydər Əliyev irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin əsasında da Ümummilli Liderin şah əsərinin daha da qüdrətlənməsi, güclənməsi dayanır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın söylədiyi «Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir» fikirləri də dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin ümumiləşdirilmiş ifadəsi olmaqla yanaşı, qarşıdakı illər üçün möhkəm bazanın yaradıldığının təsdiqidir.
Heydər Əliyev yolu ilə inamla irəliləyən Azərbaycanın qarşısında biri-birindən əhəmiyyətli möhtəşəm vəzifələr dayanır. Xalqımız Heydər Əliyev siyasətinin davamlılığına dəstək olduğunu 2003, 2008, 2013, 2018 və 2024-cü illərdə keçirilən prezident seçkilərində yüksək fəallıq nümayiş etdirib, cənab İlham Əliyevə səs verməklə təsdiqlədi. Xalq-Prezident birliyi, həmrəyliyi sarsılmazdır.
Artıq hər zaman arzusunda olduğumuz hədəfimiz də reallığa çevrilib. 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Qələbəsi dünyaya səs saldı. 30 ilin işğalına 44 gündə son qoymaq rəşadətli ordumuzun gücünün, qüdrətinin təqdimatı oldu. Azərbaycan Silahlı Qüvvələrinin bu illər ərzində maddi-texniki bazası daha da möhkəmləndi, döyüş qabiliyyəti gücləndirildi. Gənclərimizdə vətənpərvərlik hissləri daha da artırıldı. Bu fikir beynəlxalq səviyyədə də etiraf edilir ki, tarixi Zəfərimizdə torpaq, Vətən sevgisi əsas faktor olub. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində bu gün qalib ölkənin qalib vətəndaşlarıyıq. İşğaldan azad edilmiş torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır, bərpa-quruculuq işləri geniş vüsət alıb.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Seçilən
0
aia.az

1Mənbələr