Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət milli komandası (U-16) mayın 5-də təlim-məşq toplanışı məqsədilə bir araya gəlib. 

Offsideplus.az xəbər verir ki, yığmamız hazırlıq prosesi çərçivəsində Belarusla mayın 9-da və 11-də iki yoxlama matçında qüvvəsini sınayacaq.

Baş məşqçi Aqil Nəbiyevin U-16-ya çağırdığı 22 oyunçunun arasında "Sabah" Futbol Akademiyasının yetirmələrinin olmaması birmənalı qarşılanmayıb. Bu, ölkəmizin ən inkişaf etmiş klublarından biri olan "Sabah"ın yığmaya futbolçu buraxmaması barədə söz-söhbətlərə səbəb olub.

Öz növbəsində həm AFFA, həm də "Sabah" klubu məsələyə aydınlıq gətirib.

AFFA-nın mətbuat katibi Elnur Məmmədli Offsideplus.az-a açıqlamasında bildirib ki, "Sabah"ın oyunçularına ümumiyyətlə dəvət göndərilməyib: "U-16 milli komandasına "Sabah" klubundan futbolçuların çağrılmaması ilə bağlı deyə bilərik ki, baş məşqçi Aqil Nəbiyev bu dəfə seleksiya xarakterli toplanış keçirir. Və daha çox vaxtilə yığmaya az çağrılan futbolçuları, tanınmayanları dəvət edib. "Sabah"ın oyunçuları 17 yaşadək milli komandamıza dəvət olunublar və Aqil Nəbiyev onların potensialına yaxşı bələddir. Ona görə də bu dəfəki toplanışda həmin futbolçulara dəvət göndərilməyib".

Məsələ ilə bağlı "Sabah" tərəfinin də mövqeyini öyrəndik. Klubun mətbuat katibi Elnur Həmidov söyləyib ki, milli komandaya futbolçu buraxılmamasından söhbət gedə bilməz. O, "Sabah"ın AFFA-dan rəsmi müraciət almadığını vurğulayıb: "U-16-ya futbolçuların cəlb olunması ilə bağlı "Sabah" klubuna heç bir rəsmi müraciət daxil olmayıb."Sabah" Futbol Akademiyası fəaliyyət göstərdiyi müddət ərzində bütün yaş qrupları üzrə müxtəlif yığmalara çoxsaylı futbolçular göndərib və bu proses hər zaman əməkdaşlıq və qarşılıqlı anlaşma şəraitində həyata keçirilib. Uşaq futbolunun inkişafı və gənc futbolçuların yetişdirilməsi "Sabah" klubunun əsas strateji hədəflərindəndir. Bu istiqamətdə görülən işlər davamlıdır və milli komandalara futbolçu vermək bizim üçün hər zaman qürur mənbəyi olub. Eyni zamanda, "Sabah" olaraq Azərbaycan çempionatına və burada keçirilən bütün yarışlara yüksək dərəcədə hörmətlə yanaşırıq. Daxili yarışların keyfiyyətinin və rəqabətliliyinin artırılması ölkə futbolunun inkişafı üçün əsas şərtlərdən biridir və klubumuz bu baxışa sadiqdir".