AZ

Vatikanda keçirilən konklavda İtaliya təhlükəsizlik qüvvələrinin 4000-dən çox əməkdaşı xidmət aparır

Vatikan, 7 may, AZƏRTAC

Sikstin Kapellasında başlayan və yeni - 267-ci Roma Papasının seçildiyi konklav (seçki) çərçivəsində İtaliya təhlükəsizlik qüvvələrinin 4000-dən çox əməkdaşı xidmət aparır.

AZƏRTAC xəbər verir ki, bu gün səhər saatlarından etibarən izdiham Müqəddəs Pyotr meydanına toplaşıb. Təhlükəsizlik tədbirləri çərçivəsində ərazidə anti-dron və elektron siqnal ötürücülərinin qarşısını alan sistemlər quraşdırılıb. Müqəddəs Pyotr meydanına daxil olmaq üçün iki mərhələli təhlükəsizlik yoxlamaları aparılır. Bundan başqa, ərazidə minədək könüllü fəaliyyət göstərir. Yeni Papa seçiləcəyi təqdirdə meydana 250 minədək insanın toplanması gözlənilir.

Sikstin Kapellasında keçirilən səsvermə prosesində 66 müxtəlif ölkədən və bütün qitələrdən 133 kardinal seçici iştirak edir. Onların 53-ü avropalı, 17-si isə italiyalıdır. Yaşı 80-dən aşağı və seçkiyə qatılmaq hüququ olan 133 kardinal namizəd üçdəiki səs çoxluğu alana qədər gündə 4 dəfəyədək səs verəcəklər. Yeni Papanın seçilməsi üçün ən azı 89 kardinalın dəstəyinə ehtiyac olacaq. Kardinalların ətraf mühitlə əlaqəsi tam kəsilib, telefonlardan istifadə qadağan olunub. Sikstin Kapellasının damında quraşdırılan bacadan çıxan tüstünün rəngi isə dünyaya yeni Papanın seçilib-seçilmədiyindən xəbər verəcək. Səsvermə nəticə verməsə, bacadan çıxan tüstü qara rəngdə olacaq. Əgər yeni Papa seçilərsə, tüstünün rəngi ağ olacaq.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Seçilən
0
azertag.az

1Mənbələr