“Azərbaycan müstəqil dövlətdir, bununla belə, onun suverenliyi fövqəl dövlətlərlə dostluğundan asılıdır...”
Kremlin 25 dekabr təyyarə faciəsinin istintaqını bilərəkdən ləngitməsinə, Azərbaycanın demək olar ki, heç bir tələbini yerinə yetirməməsinə, üstəlik, bu günlərdə Rusiyaya rəsmi səfər edən deputatımızı deport etməsinə, bununla belə İlham Əliyevi 9 may paradına dəvət etməsinə və s. nə ad vermək olar? Bu necə müttəfiqlikdir?.. Bütün bunların müqabilində (hələ digər Ukraynanın işğalı və s. bağlı beynəlxalq səbəbləri demirik) Azərbaycan rəhbərliyinin, o cümlədən ordusunun 9 may paradında iştirakdan imtina etməsinə əsas vermirmi? Və paradda iştirak etməsək, qarşılığında Putin indiki durumunda bizim üçün çox təhlükəli hansı addımları ata bilər ki?
Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli mövzu ilə bağlı bunları söyləyib:
“Hesab edirəm ki, bütün maneələrə baxmayaraq, Azərbaycan prezidenti 9 may paradında iştirak etməlidir. Çünki 9 may paradı təkcə Rusiyanın deyil, faşizmə qalib gəlmiş bütün insanların bayramıdır...
Təyyarənin vurulması ilə bağlı isə Rusiya prezidenti Vladimir Putin Azərbaycan xalqından üzr istəmişdir. Deputatın deportasiyası ilə bağlı heç nə deyə bilmərik. Nə baş verdiyindən xəbərimiz yoxdur. Əlbəttə ki, Rusiya tərəfi bununla bağlı izahat verməlidir. Əks halda bu nə əməkdaşlıqdır? Deputatımızın Duma üzvü Valuyevə cavab verməsi deputatımızın həqiqi vətəndaşlıq reaksiyasıdır və rus deputat layiqli cavabını alıb. Bununla belə, axmağa yaxşı cavab hər sözünün qarşılığında susmaqdır. Valuyevin axmaqlığını Moskva erməniləri idarə edirlər ki, Azərbaycan tərəfi Rusiyaya qarşı reaksiya versin. Vaxtilə erməni deputatları da anti-Rusiya təbliğatına girişdiklərindən Qarabağı itirdilər. Onlara yar olan Avropa İttifaqı(Aİ) indi bizdən Qarabağı geri qaytarmaq mövqeyindədirlər. Ən dəhşətlisi Aİ Ermənistanı silahlandırır ki, yenidən müharibəyə başlasınlar. Biz anlamalıyıq ki, Rusiya Azərbaycan əməkdaşlığı heçə ensə, biz yenidən müharibə qarşısında qala bilərik...
Rusiya -Azərbaycan-İran üçlüyü yaranmaqdadır. Bu üçlüyün mövcudluğu Cənubi Qafqazda sabitliyin təməlinə çevrilə bilər. Bunu düşmənlərimiz görür və bu üçlüyün qarşısını alırlar. Rusiya ilə münasibətlərin vacibliyini hörmətli Prezidentimiz bilir. Odur ki, onun atdığı addımlara qarşı çıxmaq, adi hadisələri şişirtmək Azərbaycanı Ermənistanın gününə salmaq deməkdir. Azərbaycan müstəqil dövlətdir, bununla belə, onun suverenliyi fövqəl dövlətlərlə dostluğundan asılıdır. Bu saat ABŞ-Rusiya münasibətləri yüksək dərəcədə yaxınlaşmaqdadır. ABŞ Krımı Rusiyanın tərkibində tanımağa hazırdır və s. Bu onu göstərir ki, Ukraynada 2014-cü ildə başlamış müharibə Aİ-nın sonu olacaq. Və Donald Tramp, ABŞ-ın həqiqi lideri Rusiya ilə nüvə muharibəsinə getməyəcək. Odur ki, yüksək diplomatik və siyasi biliklərə malik olan Azərbaycan prezidenti 9 may paradına gedir və müdrikliyi ilə dünyaya göstərir ki, Azərbaycan xalqı faşizm üzərində qələbə çalan xalqlardan biridir...”
Sultan Laçın