AZ

Üsküdar Universitetinin rektoru Nazife Güngör: “Azərbaycanla akademik əməkdaşlıq bizim üçün strateji dəyər daşıyır” 

O, adını Türkiyə təhsil sistemində qızıl hərflərlə yazdıran alimlərdəndir. Uşaqlıq arzusu, idealı doğulub boya-başa çatdığı məmləkətində yaxşı müəllim olub xalqı maarifləndirmək idi. Çox keçmir ki, məktəbi bitirdikdən sonra arzusunu reallaşdırır. Bu gün isə o arzularının ötəsindədir.
Belə ki, müsahibimiz Üsküdar Universitetinin rektoru Nazife Güngördür. O, 2007-2010-cu illərdə Qazi Universitetinin “İletişim” fakültəsinin Jurnalistika kafedrasının müdiri vəzifəsində çalışıb. Daha sonra dekan vəzifəsinə keçdikdə tələbələri ilə daha sıx ünsiyyət qurmaq imkanı əldə edib. Bir müddət İstanbul Arel Universitetində Ünsiyyət Fakültəsində işləyib. Hazırda Üsküdar Universitetinin “İletişim” fakültəsində akademik fəaliyyətini davam etdirən Nazife Güngör 2013-2023-cü illər arasında Ünsiyyət fakültəsinin dekanı vəzifəsində çalışıb. 2023-cü ildən isə Üsküdar Universitetinin rektoru vəzifəsinə təyin edilib.
 
Universitetlərdə keçirilən dərsliklər üçün bir çox kitabların müəllifidir - “İlitişime giriş”, “İletişim”, “Arabesk”. Bu kitablar jurnalistika fakültəsinin tələbələri üçün əsas vasitə hesab edilir.
 
Mütəmadi olaraq paytaxtımıza gələn, burada universitetlərlə qarşılıqlı əməkdaşlıq edən rektorun isə bu dəfə gəlişinin səbəbi başqadır. Belə ki, ötən həftə onun iştirakı ilə Bakıda İstanbul Üsküdar Universitetinin Azərbaycan nümayəndəliyinin açılışı reallaşdı.
 
 
Biz də Nazife Güngörlə açılış sonrası görüşüb söhbətləşmək imkanı əldə etdik.
 
- Üsküdar Universitetinin Bakı Nümayəndəliyinin açılışını etdik. Nümayəndəliyin fəaliyyət istiqaməti ilə bağlı nə deyə bilərsiniz?
 
- Buradakı təmsilçiyimiz bizim qardaş ölkədəki evimiz rolunu oynayır. Təhsil ölkələr arasında ən güclü və daimi əlaqə vasitələrindən biridir. Üsküdar Universiteti olaraq biz Azərbaycanla akademik əməkdaşlığımızı təkcə təhsil fəaliyyəti kimi deyil, həm də iki dövlətin strateji yaxınlaşmasının bir hissəsi kimi görürük.
Bilirsiniz ki, İstanbul Üsküdar Universiteti Azərbaycanda bir çox universitetlərlə əməkdaşlıq edir. Təmsilçiyimizin açılmasında əsas məqsədlərdən biri də budur ki, gələcəkdə ortaq layihələrin hazırlanmasında bunu  daha da inkişaf etdirək.
Üsküdar Universiteti hazırda Azərbaycanın müxtəlif universitetləri ilə akademik və təhsil sahəsində əməkdaşlıq edir. Bakı Nümayəndəliyinin açılması ilə bu əməkdaşlığımız daha da möhkəmlənəcək və birgə layihələr vasitəsilə iki ölkənin insan resurslarına mühüm töhfələr veriləcəyimizi düşünürəm. İnsan kapitalına qoyulan hər bir vəsait gələcəyə qoyulan ən dəyərli sərmayədir. Bu kontekstdə inanırıq ki, Azərbaycan ilə təhsil sahəsində qarşılıqlı fəaliyyətimiz "bir millət, iki dövlət" anlayışımızı daha da dərinləşdirəcək.
Üsküdar Universitetinin Bakı Nümayəndəliyi azərbaycanlı gənclərin Türkiyədə ali təhsil imkanlarına çıxışını asanlaşdırmaqla yanaşı, Türkiyə ilə Azərbaycan arasında təhsil, mədəniyyət və elm sahələrində daha güclü və davamlı strateji əməkdaşlıq üçün infrastruktur yaratmaq məqsədi daşıyır.
 
 
- Artıq Azərbaycanla çox yaxın əlaqələr qurmuş və bizlərdən birinə çevrilmisiniz. Sizi bu vəsilə ilə daha yaxından tanımaq istərdik. Biz sizi rektor olaraq daha yaxşı tanıyırıq. Bəs bir xarakter olaraq kimdir Nazife Güngör? 
 
- Bu, çox çətin sualdır. İnsan başqası haqqında daha rahat danışır, nəinki özü haqqında. Özüm haqqında danışanda sizə çox qısa cavab verə bilərəm. Ankarada doğulan, bütün uşaqlığı, gəncliyi Ankarada keçən, Ankara Universitetində akademik təhsil alan bir qızdır. Nazife Güngör özünü, həyatını peşəsinə həsr edən bir pedaqoqdur.  Nazife özünü hər zaman şanslı hesab edir, çünki sevdiyi işi görür. Çox sadə və düzənli bir həyatım var. 
Gözəl xatırlayıram, məktəb illərimdə sinif yoldaşlarıma sual vermişdilər ki, böyüyəndə kim olacaqsınız? Onların 39-u həkim deyə cavab vermişdi. Mən isə israrla bildirmişdim ki, pedaqoq olacam. Xalqımın övladlarını yetişdirəcəm. 
 
- Bu gün həmin məktəbli Nazifeni görsəydiniz, ona nələr deyərdiniz? 
 
- Ona “sən bacardın” deyərdim. Çalışdın, çabaladın, əlindən gələni etdin. O Nazifəyə təşəkkür edərdim. Deyərdim sənin bütün arzularını bir-bir həyata keçirdim. Həyatımı elə yaşadım ki, heç zaman “kaşkilərim” olmadı.
 
- Bəs peşmanlıqlarınız?
- İnsan həyatında səhvlər də edə bilər. Bu həyatı yaşayırıqsa, səhvlər qaçılmazdır. Amma mənim səhvlərim də olmayıb. Hər zaman planlı və düzənli bir həyat yaşamışam. Ailəmə, çevrəmə qarşı çox məsuliyyətliyəm. Ümumiyyətlə, mənə güvənən insanların güvənini boşa çıxarmamışam. Bu  baxımdan da özümdən razıyam. Həyatımda dürüstlük, məsuliyyət sahibi, hər zaman başqalarını düşünən, empati quran biriyəm. Bir insanı insan edən şey həyatda bir işə yaradğını hiss etməkdir. 
Geriyə boylananda insanların həyatına necə təsir etdiyimin, onların ali təhsil almasında, müstəqil həyata qədəm qoymasında az da olsa payımın olmasını görürəm. Bir çox sayda akademik, yaxşı insan, yaxşı peşə sahibləri  yetişdirdim. Nəticə etibarı ilə hamımız bu dünyada daimi deyilik. Qonaq olduğumuz bu dünyada insanlara yararlı olmaq, onların həyatına toxunmaq çox önəmlidir.
 
 
-Adətən tələbələrlə rektor arasında böyük bir sədd olur. Belə ki, tələbələr çox çətinliklə rektorun qəbuluna düşə, onunla ünsiyyət qura bilir. Sizdə isə əksinə, tələbələrlə çox rahat ünsiyyət qurursunuz. Qapınız daim açıqdır, bu, işinizdə hər hansı problem yaradırmı? 
 
- Mənimlə tələbələrim arasında heç bir bariyer, əngəl yoxdur.  Üsküdar Universitetində də qapım daim tələbələrin üzünə açıqdır. Ancaq burada bir məqamı diqqətinizə çatdırmaq istərdim. Mənə universitetdə də, sosial şəbəkə vasitəsi ilə də ilk birbaşa ünsiyyət quran, o baryeri aşan azərbaycanlı tələbələrim oldu. Bunu öncəliklə azərbaycanlı tələbələr fərqinə vardılar. Onlar mənə o qədər çox güvəndilər ki... Mən də onların güvənini boşa çıxarmadım. Digər  tələbələr bunun elə də fərqində deyillər. 
 
- Artıq bir neçə ildir ki, Azərbaycandakı universitetlərlə də qarşılıqlı əlaqələr qurur, seminarlar, təlimlər, görüşlər keçirirsiniz. İki ölkənin təhsil sistemində ən böyük fərqi harada görürsünüz?  
 
-  Azərbaycanda özəlliklə Ədəbiyyat sahəsi çox inkişaf edib. Burada çox dərin düşüncə, həyat var. Türkiyə Qərbə yaxın olduğu üçün mədəniyyətində olduğu kimi, təhsil sistemində də onlarla oxşarlıq var.
 
- Azərbaycan universitetlərinin birindən rektorluq təklifi gələrsə, qəbul edərsinizmi? 
 
- Bilmirəm. Mənə daha çox akademik tərəf maraqlıdır. Rektor olmaq mənim arzum, hədəfim deyil. Rektorluq bir xidmət müddətidir. Bəlli bir zamandan sonra bitir. Mən daha çox müəllim olmaq, gənclərimizə öyrətmək, onların həyatında bir dəstəyim, rolum olmasını daha çox istəyirəm. Bu baxımdan, daha çox istəyərəm ki, Azərbaycanla bağlı layihələr edim. 
 
- Yaradıcı insan olmaqla idarəçi insan olmaq arasında böyük fərq var. Sizə görə idarəçilik yaradıcılığı öldürürmü? 
 
- Mənim işim elmi araşdırmalar etmək, tələbə yetişdirməkdir. O ki qaldı idari işlərə, vəzifəyə, onlar  keçicidir. Bu, peşə deyil. Bir akademikin əsl  yaradıcılığı elmi məqalələrdir.  Misal üçün, bir həftədir Bakıdayam və bir çox təlimlər, seminarlar keçdim, görüşlərdə oldum, fikir mübadiləri etdik. Burada insan faydalı olduğunun fərqinə varır və bundan zövq alır. Gənclərin parlaqlığını, parıltısını görmək, onlarla bir arada olmaq çox daha gözəl və keyflidir.
 
- Hər dəfə söhbətimizdə Bakının sizin üçün doğma şəhər olduğunu qeyd edirsiniz. Ankarada doğulmusunuz, İstanbulda yaşayırsınız və Bakını sevirsiniz. Bu şəhərlərin sizin həyatınızdakı yeri və rolu nədən ibarətdir?
 
- Ankarada dünyaya gəlmişəm. Bakı mənim köklərimin yer aldığı şəhərdir. Hamımız buralardan çıxıb Anadoluya  gəlmişik. Bakı köklərimizin yer aldığı, İstanbul isə filizləndiyim şəhərdir. Bakı kökümdür, tariximdir. Bu bir duyğudur, frekans tutmasıdır. Dinimiz, dilimiz, mədəniyyətimiz birdir. Mən Bakıda özümü evimdə hiss edirəm. Sanki burada öz qohum-əqrabalarımla birlikdəyəm. Azərbaycanlılar çox istiqanlıdır, söhbətcildirlər, gülərüz, çalışqandırlar.  
 
 
 - Bundan sonrakı hədəfləriniz nələrdir? 
- Akademik səviyyədə Azəraycan elminə daha çox xidmət etmək, faydalı olmaq istəyirəm. Azərbaycana ilk gəlişim İstanbul Üsküdar Universitetini tanıtmaq idisə, ondan sonrakı gəlişlərimdə özümü o qədər bura aid hiss etdim ki, bundna sonrasında Azərbaycana əlimdən gələn  hər cür elmi dəstəyi göstərməyi hədəfləyirəm. 
Bu ölkənin yetişən gəncliyinə toxunmaq, Türkiydəki tələbələr necə dəstək verirəmsə, bu ölkənin tələbələrinə də eyni  dəstəyi göstərməyə çalışıram. 
 
Xəyalə Rəis
Seçilən
0
moderator.az

1Mənbələr