Su borcunu tam ödəyə bilməyənlərə hissəli ödəniş imkanı yaradılıb.
NOCOMMENT.az xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti vətəndaşların su sərfiyyatına görə yaranmış borclarını tam şəkildə ödəməkdə çətinlik çəkmələrini nəzərə alaraq, hissəli ödəniş imkanı təqdim edib.
Qurumdan verilən məlumata görə, abonentlər borcun tam məbləğini ödəməkdə çətinlik çəkirlərsə, aidiyyəti yerli sukanal idarələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsi və abonent kodu təqdim etməklə hissəli ödəniş üçün müraciət edə bilərlər.
Bu halda borcun bir hissəsinin ödənilməsi ilə bağlı razılaşma protokolu imzalanır. Protokola əsasən, borcun aylar üzrə bölünmüş ödəniş qrafiki abonentə təqdim olunur və həmin müddət ərzində su təchizatı dayandırılmır.
Qurum vətəndaşlara xüsusi xəbərdarlıq da edib. Bildirilib ki, debitor borcların silinməsi və ya azaldılması ilə bağlı müxtəlif şəxslərin verdiyi vədlər əsassızdır. Borc məlumatları yalnız rəsmi abonent bazasında əks olunur və hər hansı bir şəxsin təşəbbüsü ilə bu borcların silinməsi və ya azaldılması mümkün deyil.
Məlumata əlavə olunub ki, borc yalnız qanuni əsaslarla və əsaslandırılmış hallarda azaldıla bilər.