Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevə məxsus olan “Rabitəbank” yaxın vaxtlarda bağlana bilər...
Hurriyyet.az xəbər verir ki, bu barədə AzToday.org portalı məlumat yayıb. Məlumatda göstərilir ki, səbəb bankın maliyyə vəziyyətinin ilbəil pisləşməsi ilə yanaşı hakimiyyətin Rövnəq Abdullayevə münasibətin dəyişməsi ilə bağlıdır.
Qeyd edək ki, Rövnəq Abdullayevin kürəkəni (qızının həyat yoldaşı) Əliyev Rauf Zeynal oğlu hazırda “Rabitəbank” ASC-nin Müşahidə Şurasının üzvü və əsas səhmdarıdır. Bank səhmlərinin 41%-i Rauf Əliyevə məxsusdur.
Xatırladaq ki, ötən il “Rabitəbank”a pul yerləşdirən biznesmenlər hər 3 manatdan 1 manatını geri götürüb.
Bankın depozit portfeli 1 il ərzində 76 milyon 605 min manat və ya 10.2 faiz azalaraq 677 milyon 219 min manata enib. Portal qeyd edir ki, bunun əsas səbəbi “Rabitəbank”ın biznes müştəriləini itirməsidir. Belə ki, hüquqi şəxslərin depozitləri 1 il ərzində 93 milyon 174 min manat və ya 30.2 faiz azalaraq 215 milyon 264 min manata düşüb.
Xəbərdə qeyd edilir ki, bu azalmanı qismən kompensasiya etmək istəyən bank kredit təşkilatları və digər maliyyə istitutlarından 57 milyon 417 min manat borc alıb. Ona görə də “Rabitəbank”ın sözügedən təşkilat və istitutlar qarşısındakı öhdəliyi 281 milyon 754 min manata yüksəlib.
Bundan başqa “Rabitəbank” borc qiymətli kağızlarını da yüksəldib. 2023-cü ildə 0 olan bu öhdəlik, 2024-cü ildə 8 551 min manata yüksəlib. Bank subordinasiya borc öhdəliklərini də 8 milyon 500 min manat artıraraq 14 milyon 450 min manata çatdırıb. Digər öhdəliklərini isə 12 milyon 674 min manat artıraraq 49 milyon 527 min manata yüksəldib.