“İranın yeni prezidenti bölgə ölkələrinə böyük ehtiyac duyur. Xüsusilə, Azərbaycana rəsmi səfər edib ardınca telefon danışığını şimal qonşumuz Rusiya rəhbəri ilə etməsi Azərbaycan üçün də faydalı sayıla bilər. Böyük ehtimalla Ukrayna müharibəsi və Zəngəzur dəhlizi əsas müzakirə mövzularından biri olub”.
Bunu Editor.az-a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı deyib.
Onun sözlərinə görə, İran regionda ona ən yaxın ölkənin Rusiya olduğunun fərqindədir:
“İkisinin də taleyi eynidir. Həm cənub qonşumuz, həm də şimal qonşumuz Qərbin ağır təzyiqləri, sanksiyaları ilə üzləşiblər. Amma hələ ki, hər iki güc də daxili iqtisadiyyatlarının güclü olması səbəbindən dirənməkdədirlər. Bu dirəniş müddəti hələ çox uzun çəkəcək. Hər iki dövlət bir-biriylə yaxın iqtisadi əlaqələrə böyük ehtiyac duyur. Amma hesab edirəm ki, Azərbaycana səfərindən sonra İran prezidenti bir növ hesabat xarakterli telefon danışığı edib. Düşünürəm ki, Zəngəzur dəhlizi ilə bağlı razılığını ifadə edib. Əslində bu cür səfər və telefon danışığı Zəngəzur dəhlizi qarşısında “yaşıl işıq” yandıra bilər. Onun üçün də yaxın vaxtlarda Zəngəzur dəhlizinin açıla biləcəyinə də ümid edək. Çünki dəhlizin artıq açılmasının qarşısında heç bir əngəl qalmayıb. İran və Rusiya arasında yaxın əlaqələrin daim olması mütləq şərtdir, hər iki dövlət üçün…Eyni zamanda, belə bir yaxın əlaqənin olması region ölkələri üçün çox vacibdir. İstənilən halda bu telefon danışığından narahat olmağa dəyməz. Əsas da Azərbaycandan gedəndən sonra olan telefon danışığından…İstənilən halda Ərdoğanın təklif etdiyi “3+3” formatına daxil ölkələrin bir-biriylə yaxın əlaqələrinin olması Azərbaycana da çox sərfəlidir. Hazırda isə regionun yaxın əlaqələrə ehtiyacı var. Çünki burnunu bu regiona “soxmağa” çalışan güclərə qarşı böyük bir dirənişə ehtiyac yaranıb. Rusiyanın Ukrayna savaşından istifadə etməyə çalışanlar iş başına keçiblər. İran İsrailin əli ilə vurulur. Türkiyə sıxışdırılır. Digər kiçik ölkələrə sahib çıxmaq uğrunda ciddi savaş gedir. Ermənistan kimi qucaqdan-qucağa atılmaq istəməyən Azərbaycana Qərbdən gələn təzyiqlər dayanmır. Onun üçün də bir olmağa gərək yaranıb, bəlkə də tarixdə ilk dəfə olaraq…”.
//Gülnarə Abasova, Editor.az