Zaqatala rayonunun Vöhtala kəndi uzun illərdir ciddi infrastruktur problemi ilə üzləşir. Kəndin yeganə keçid yolu olan körpü qəzalı vəziyyətdədir. Nəticədə sakinlər evlərinə rahat gedib-gələ bilmir, təcili yardım və digər xidmətlər kəndə çətinliklə daxil olur.
News365.az xəbər verir ki, Vöhtala kəndi Talaçay çayının aşağı axarında yerləşir. Suyun səviyyəsinin artdığı dövrlərdə kəndə yalnız iri texnikalarla keçmək mümkün olur. Piyada körpüsü isə təhlükə mənbəyidir – 1989-cu ildə inşa edilən dəmir körpü hazırda tamamilə yararsız vəziyyətdədir. Sakinlər bildirir ki, bu səbəbdən xəstəxanaya çatdırıla bilməyən insanlar həyatını belə itirib.
Kənd sakini Tayibat Xiniyeva qeyd edır ki,
“32 ildir buradayam, bu körpüdən keçə bilmirəm. Bir dəfə ortasında sallanıb qaldım, heç kim yox idi, çətinliklə özüm çıxdım.”
Kənd sakinləri təkcə körpünün təmiri deyil, eyni zamanda çayın daşmasının qarşısını almaq üçün bəndlərin çəkilməsini də istəyirlər.
Məsələ ilə bağlı Maqov bələdiyyəsinin sədri Abdulla Dadayev bildirib ki, artıq aidiyyəti qurumlar hərəkətə keçib. Rayon icra hakimiyyəti, suvarma və yol idarəsi nümayəndələri əraziyə baxış keçirib, təmir üçün zəruri tapşırıqlar verilib.
“Bu gündən körpü ətrafına texnika cəlb olunacaq, çay axını bir tərəfə yönləndirilərək sabahdan etibarən təmir işlərinə başlanacaq,” – deyə bələdiyyə sədri qeyd edib.
Qeyd edək ki, 300 illik tarixə sahib olan Vöhtala kəndi rayon mərkəzindən 25 km aralıda yerləşir.