Son günlərdə Hindistan və Pakistan arasında artan siyasi və hərbi gərginlik silahlı münaqişəyə çevrilib. Bu gecə Hindistan Silahlı Qüvvələri Pakistanın bir neçə sərhəd mövqeyinə genişmiqyaslı hücum həyata keçirib. Məlumatlara görə, ölən və yaralananlar var. Münaqişə bölgəsində vəziyyət çox gərgindir və hər iki tərəf bir-birini təxribatda ittiham edir. Bundan sonrakı proseslər hansı məcrada davam edəcək? Böyük güclər də bu gərginlikdə öz strateji maraqlarını qorumağa çalışır. Müharibənin miqyası daha da böyüyə bilərmi? Nüvə silahları işə düşə bilərmi? Ümumiyyətlə, Kəşmir nə üçün tərəflər arasında bu qədər önəmlidir? Azərbaycanın bu məsələdə mövqeyi necədir?

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Moderator.az-a açıqlamasında “prosesin gedişatı göstərir ki, Hindistan eskalasiyada maraqlıdır”,-deyə bildirib.
Onun sözlərinə görə, törədilən terror aktının Hindistanın maraqlarına cavab verdiyini nəzərə alsaq, o zaman mənzərəni özümüz üçün müəyyən qədər təsəvvür edə bilərik: “Yəni Hindistanın təhrikedici addımlarının arxasında bəlli ssenari var. Çünki İslamabad Pakistan ərazisində olan qrupları terror təşkilatı kimi tanıyıb və mütəmadi olaraq, bu təşkilatlara qarşı əməliyyat keçirir. Pakistanın özünün terror təşkilatı kimi tanıdığı qrupların fəaliyyətinin məsuliyyətini Pakistanın üzərinə yıxmaq absurddur. Buradan görünür ki, Hindistanın özü terror aktının törədilməsində maraqlı olub. Yəni, hərbi əməliyyatlara başlamaq üçün heç bir məntiqə sığmasa da, bəhanə əldə edib”.
Ə.Zülfüqaroğlu əlavə edib ki, bundan sonrakı proseslərin hansı məcrada davam etməsi ehtimalı ilə bağlı fikir yürütmək üçün bəzi detallara diqqət yetirmək vacibdir: “İndiyə qədər olan münaqişələrlə bağlı BMT-nin Təhlükəsizlik Şurası müdaxilə etməyə çalışıb. Amma təcrübə göstərir ki, BMT-nin Təhlükəsizlik Şurası da adətən elə 5 daimi üzvlərin yaratdığı münaqişələrlə bağlı toplanıb və təbii ki, heç bir nəticə əldə edilməyib. Çünki daimi üzvlərdən hansısa münaqişənin davam etməsində maraqlı olub.
İndi durum tamamilə fərqlidir, BMT başda olmaqla beynəlxalq təşkilatlar funksionallığını tamamilə itiriblər. İkinci dünya müharibəsindən sonra qurulan dünya düzəninin çöküş prosesinə qədəm qoyması güc amilinin açıq formada tətbiq olunmasına gətirib çıxarıb.
Digər tərəfdən Hindistanın absurd yanaşması və Pakistanın problemin digər dövlətlərin iştirakı ilə araşdırılmasına çağırışına adekvat reaksiya verməməsi üçüncü qüvvələrin eskalasiyada maraqlı olduğunu deməyə əsas verir. Burada diqqət çəkən məqam Çin faktorudur. Yəni Çinin münaqişəyə çəkilmə ssenarisi mümkündür. Bunun da ABŞ-Çin ticarət savaşı kontekstində dəyərləndirilməsi daha məntiqlidir. Yəni Hindistanın əli ilə atılan bu addımlar Çini ABŞ-la konsensus əldə edilməsinə məcburetmə xarakteri daşıya bilər.
Çünki Çin Pakistanla yaxın münasibətlərə malikdir, Hindistanla isə rəqibdir. Eyni zamanda Kəşmirin bir hissəsi Çin ərazisində yerləşir. Dolayısıyla Çinin münaqişəyə qoşulması üçün yetərli səbəblər var. Hindistan-ABŞ arasındakı isti münasibətləri və ABŞ-ın Hindistanı Çinə qarşı istifadə etmək niyyətlərini nəzərə alsaq bu versiya daha ağlabatandır.
Digər bir məsələ isə Türkiyə faktorudur. Əgər Pakistanla Hindistan arasında müharibə genişlənərsə Türkiyə avtomatik proseslərdə yer alacaq. Burada isə İsrail faktoru önə çıxır. Yəni Suriyada Türkiyə ilə qarşıdurma vəziyyətində olan İsrail də Pakistan-Hindistan münaqişəsinin genişlənməsində və bu səbəbdən Türkiyənin Suriyadakı mövqelərinin zəifləməsində maraqlı ola bilər”.
Ə.Zülfüqaroğlu bildirib ki, əslində hər iki tərəfin nüvə silahlarına sahib olması məsələnin müsbət tərəfidir:
“Yəni bu o deməkdir ki, Pakistan çətin duruma düşərsə, nüvə silahından çəkindirici vasitə kimi istifadə edə bilər. Yəni Hindistanın Pakistanı tamamilə məğlub etməsi qeyri-mümkündür. Doğrudur, insan resursları və hərbi güc baxımından Hindistan üstündür. Amma nüvə silahına malik və eyni zamanda döyüşçü bir topluma sahib Pakistan da böyük gücdür və ona ən azı silah dəstəyi verəcək Çin və Türkiyə kimi dostları var. Bu da onu deməyə əsas verir ki, münaqişənin nüvə mərhələsinə çatmaq ehtimalı azdır”.
Siyasi şərhçi vurğulayıb ki, Kəşmir mübahisəsi 1947-ci ildən sonra başlayıb və Hindistanın özbaşınalığı ucbatından indiyə qədər nəinki öz həllini tapıb, ümumiyyətlə daha da gərgin vəziyyət yaranıb:
“Kəşmirin böyük hissəsi Hindistanın tərkibində qalıb. Beynəlxalq hüququn tələbi odur ki, Kəşmirin müqəddəratının həlli üçün referendum keçirilməli və Kəşmir xalqı özü buna qərar verməlidir. Pakistan bunu dəstəkləsə də, Hindistan buna qarşı çıxır. Çünki Hindistanın işğal etdiyi Kəşmirin 14 milyon əhalisinin əksəriyyəti müsəlmandır. Əgər referendum olarsa onlar ya müstəqil olacaqlar, ya da Pakistanın tərkibinə qatılacaqlar. Hindistan isə nəinki bunu qəbul edir, ümumiyyətlə Kəşçmirin əsas hissəsini işğal edərək, Hindistan torpağı elan edib”.
Ə.Zülfüqaroğlu deyib ki, Azərbaycan həmişə ədalətin və beynəlxalq hüququn yanında olub: “Azərbaycan təkcə Pakistanın qardaş ölkə olduğuna görə deyil, beynəlxalq hüququn və ədalətin tələbinə görə Pakistanın yanındadır. Ədalətli yanaşma da odur ki, Hindistam aqressiv və işğalçı siyasətinə son qoymalı, müsəlmanlara qarşı diskriminasiya siyasətini dayandırmalı və beynəlxalq hüququn tələblərinə əməl etməlidir”.
Mehin Mehmanqızı