Azərbaycanda repetitorluğun mərhələli şəkildə ləğvi müzakirə edilir. Elm və təhsil naziri Emin Əmrullayev fevral ayında repetitorluğun mərhələli şəkildə ləğv ediləcəyini bildirib. O qeyd edib ki, müəllimlərin məktəb daxilində dərsdən sonra repetitorluqla məşğul olması doğru deyil.
"Dəbə görə də repetitor yanına gedənlər var. Öz sinfində dərs dediyi uşağa dərsdən sonra da repititorluq etmək ayıbdır. Repetitorluğun ləğvi birdən-birə aparıla bilməz, mərhələli şəkildə ləğv ediləcək"? - nazir vurğulayıb.
Modern.az mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova və Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Elçin Əzimli ilə həmsöhbət olub.
Əvvəlcə təhsilin səviyyəsini yüksəltmək lazımdır
E.Akimova qeyd edib ki, repetitorluğun ləğvi müzakirə edilsə də, bu o qədər də asan proses deyil:
“Əvvəlcə təhsilin səviyyəsini yüksəltmək lazımdır. Sonra dərsliklərin dilini sadələşdirmək. Və ən əsası buraxılış və qəbul imtahanlarına sualları məktəb dərslikləri əsasında tərtib etmək. Bu tələblər həllini tapmadıqca, repititorluğun ləğvi mümkün olmayacaq. Haqlı da olmayacaq”.
“Bir valideyn əmin olmalıdır ki, övladı məktəb tədrisi əsasında oxuyub ali məktəbə daxil olacaq. Bu əminliyi indiki təhsil sistemi vermir. Yüksək Avropa meyarlarından danışmaqla deyil, təhsil sistemi eksperiment meydanı deyil. Hər dəfə mənasız tətbiqlərlə neçə nəsil geri düşür. Bu qədər müzakirələr edilir, təklif, tənqidlər səsləndirilir. Nəticə isə yoxdur” - E.Akimova bildirib.
Repetitorluq "öz-özünü" ləğv edə bilər
E.Əzimlinin sözlərinə görə, repetitorluq təhsildəki hələ də həllini tam tapmayan boşluqların nəticəsidir və rəsmi müəssisə olmadığı üçün onun inzibati addımlarla necəsə ləğvi və ya aradan qaldırılması çətin məsələdir:
“Repetitorluq ancaq təhsildə keyfiyyətin artırılması və məktəbə qarşı inamın bərpası ilə “öz-özünü ləğv” edə və ya indiki təsirini azalda bilər. Elm və Təhsil Nazirliyinin proqramları ilə DİM-in imtahan sistemi kurrikulum səviyyəsində sinxronlaşdırılmağa çalışılsa da, imtahan suallarının mürəkkəbliyi kimi praktik tətbiqdəki uyğunsuzluqlar repetitorluğa ehtiyac yaradan əsas səbəblərdəndir. Düşünürəm ki, iki qurum arasındakı koordinasiya gücləndirilməli və şagirdlərin məktəb daxilində imtahanlara effektiv hazırlığı təmin edilməlidir. Müəllimlərə DİM sual modelləri üzrə təlimlər keçirilməlidir ki, onlar dərs içərisində şagirdlərin ehtiyaclarını tam ödəyə bilsinlər. Ölkəmizdə repetitorluq fəaliyyətlərindən faydalanıb özlərinə uğurlu təhsil karyerası quran minlərlə gənc var. Bu, danılmaz faktdır. Ancaq, repetitorluğun gözə görünməyən zərərləri nədir, gəlin birlikdə incələyək. Əvvəla, repetitorluq təhsildə bərabərlik prinsiplərini pozur. Maddi imkanı yaxşı olan ailələrin övladları daha yaxşı təhsil əldə etmə şansına sahib olurlar, bu, həm də də cəmiyyət içərisində sosisal bərabərsizliyin artmasına gətirib çıxarır. Övladlarının təhsil yarışında geridə qalmasını istəməyən aztəminatlı ailələr ailə büdcələrindən daha çox fədakarlıq etməklə və ya borca girməklə özlərini çətin vəziyyətə salırlar”.
Müsahibimiz qeyd edib ki, sırf imtahanlara yönəlik çalışan repetitorlar əzbərə dayalı dar çərçivəli mövzuları tədris edirlər:
“Burada əsas məqsəd savadlılıq deyil, qısa müddətdə hansısa biliklərə sahib olub imtahanları keçməkdir. Şagirdlərin əsas vaxtı və enerjisi məhz bu dərslərin mənimsənilməsinə yönəldiyi üçün digər fənlər kölgədə qalır və onların ümumi bilik səviyyəsində məhdudlaşmalar ortaya çıxır. Əzbərə yönəlik bu zehni fəaliyyət nəticəsində şagirdlərin analitik və tənqidi düşüncə qabiliyyətləri arzuolunan səviyyədə inkişaf etmir. Repetitorluğun şagirdlərdə asılılıq yaratdığını düşünürəm. Yəni, onlar dərsləri özləri oxuyub dərk etmək yerinə bunu repetitorun öhdəliyinə verir, qısa yollardan və qısa zamanda öyrənmənin yollarını axtarırlar. Təəssüf ki, şagirdlər məktəb və valideynlər tərəfindən yerli-yersiz şəkildə 600+ bal yarışına sövq olunurlar. Yüksək ballarla ailə təhsil müəssisələrinə qəbul həm məktəb, həm də valideynlər üçün başucalığı sayılır. Ancaq, burada sadəcə öz prestijimizi deyil, uşaqları da düşünməliyik. Yaşından asılı olmayaraq hər bir insan üçün zehni fəaliyyət kifayət qədər yorucu bir prosesdir. Gün ərzində bir-birindən fərqli və mürəkkəb mövzuları öyrənən bir şagird üçün istirahət çox vacibdir. Dərs saatlarından sonra əlavə olaraq repetitor dərslərinə cəlb olunmaq uşaqlarda həddindən artıq yüklənməyə səbəb olur. Bu, xroniki yorğunluq, stress və motivasiyanın azalması ilə nəticələnir və zehni və psixoloji bərpaya maneələr törədir”.
Radikal addımlar böyük boşluqlar yarada bilər
O bildirib ki, bütün uşaqlar yüksək bal toplama yarışının yükünü çəkə bilməzlər.
"Bunun psixi və emosional fəsadları isə sonrakı illərdə özünü göstərir. Uşaqların rəsmi tədris saatlarında dərslərdən yayınaraq repetitor yanına göndərilməsi bir çox ciddi pedoqoji, psixoloji və hüquqi fəsadlara yol açır. Bu vəziyyət həm şagirdin, həm məktəbin, həm də ümumi təhsil sisteminin zərərinə işləyir. Təəssüf ki, bəzi valideynlər necəsə müəllimlərlə sövdələşərək qanun pozuntusuna səbəb olurlar. Davamiyyətin aşağı düşməsi şagirdin ümumi təhsilinə və intizamına mənfi təsir göstərir. Həm də ki, şagird məktəbin deyil, repetitor dərsinin vacib olduğuna inanır. Bu düşüncə tərzi isə müəllimin və ümumilkdə məktəbin nüfuzuna zərər gətirir. Unutmayaq ki, məktəb dərsləri sosial bacarıqların inkişafı, qrup işləri və müəllimlə ünsiyyət kimi vacib elementləri əhatə edir ki, bunları repetitor dərsləri tam əvəz edə bilməz. Məktəb dərslərindən kənarda qalmaq şagirdlərin sinif yoldaşları ilə ünsiyyətini məhdudlaşdırır. Bu, sosial bacarıqların inkişafına mənfi təsir göstərir və uşağın sinifdə özünü kənar hiss etməsinə səbəb ola bilər. Könül arzu edir ki, məktəblərimiz təhsilin tək ünvanı olsun və övladlarımız əlavə gərginliyə və əziyyətə ehtiyac duymadan onlardan tələb olunan biliklərə məhz rəsmi tədris saatları içərisində yiyələnsinlər. Ancaq, bir az realistik olmaq lazımdır. Düşünürəm ki, təhsildəki islahatların müsbət nəticələrini görmədən və mövcud problemləri həll etmədən atılacaq radikal addımlar böyük boşluqlar yarada bilər. Unutmayaq ki, repetitorluq və ya məktəb xaricində hazırlıqlar sadəcə bizim cəmiyyətin gündəmində olan məsələ deyildir, bir çox ölkədə mövcud olan təcrübədir. Mənim şəxsi münasibətim repetitorluğun tam ləğvi deyil, onun daha faydalı şəkildə istiqamətləndirilməsidir. Təəssüf ki, məktəb daxilində lazımi ciddiyəti göstərməyən bəzi müəllimlər dərsdənkənar repetitorluq fəaliyyətində can-başla çalışaraq, özlərinə bu şəkildə süni tələbat yaradırlar. Müəllimlik peşəsinə kölgə salan bu şəxslərin məktəb üzərindəki hegemoniyasını azaltmaq və onların sui-istifadəsinin qarşısını almaq repetitorluğun təhsilin üzərindəki mənfi təsir gücünü azalda bilər. Müasir iş dünyasında uğurla tətbiq olunan KPI (Əsas effektivlik göstəriciləri) anlayışının məktəblərdə də tətbiq olunması müəllimlərin təhsildəki ciddiyətini artıra bilər. Bundan başqa, əlaqədar qurumların nəzarətini təmin etməklə bu sahədə tam ixtisaslaşmış və akreditasiyadan keçmiş hazırlıq kurslarının fəaliyyətini təşviq etmək vacibdir. Bu kursların arasındakı sağlam rəqabət məktəbdənkənar təhsilin də keyfiyyətinə müsbət təsir göstərəcək” - E.Əzimli deyib.