AZ

Paşinyan yola salınır: Kiriyenkonun qovluğundakı şəxsin kimliyi bəlli oldu – MÜSAHİBƏ

BAKI, 7 may. TELEQRAF

ReAl Partiyasının sədri Natiq Cəfərli Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Natiq bəy, Ermənistanın baş nazir Nikol Paşinyanın impiçment məsələsi gündəmə gəlib. Bunun əvəzinə sabiq prezident Robert Köçəryanın adı ətrafında müzakirələr çoxalıb. Eyni zamanda erməni cəmiyyəti üçüncü qüvvə axtarışındadır. Baş verənlər İrəvanda hakimiyyət dəyişikliyi ilə nəticələnə bilərmi?

- Əslində Ermənistanda prosesləri normal məcrada irəliyə aparmaq üçün situasiya yaranmışdı. Faktiki olaraq bu gün sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyana xalqın etimadı yox idi. Paşinyan isə müharibədəki məğlubiyyətlərə baxmayaraq, reytinqini saxlaya bilirdi. Amma Gümrüdəki bələdiyyə seçkiləri bəzi problemlərin yaşandığını göstərir. Artıq Ermənistan əhalisi içərisində də üçüncü qüvvə axtarışı var. Amma üçüncü qüvvə yoxdur, iki komanda var. Bu Paşinyan və Köçəryan komandasından ibarətdir. Sözsüz ki, burada Rusiyanın da proseslərə ciddi müdaxiləsinin olduğunu heç kim gizlətmir. Əslində Rusiya Prezidenti Aparatı rəhbərinin birinci müavini Sergey Kiriyenkonun Ermənistana kurator təyin edilməsi bu prosesin tərkib hissəsidir. Kiriyenko və tabeliyində olan şəxslər Kremlin Ermənistan siyasətini koordinasiya edəcəyini və 2026-cı il seçkilərə daha ciddi hazırlığın getdiyini göstərir.

- Erkən seçkilərin keçirilməsi ehtimalı varmı? Paşinyan reytinqini bərpa etmək üçün nələri edə bilər?

- Seçkilərin bir qədər önə çəkilməsi ehtimalı mümkündür. Ona görə də Paşinyan reytinqini qaldıracaq çıxış yolu kimi Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması üçün sülh prosesindəki gecikdirmələrə, Ermənistan tərəfindən izaholunmaz maneələrin aradan qaldırılmasına çalışmalıdır. Bu, onun üçün ciddi rol oynaya bilər. Ermənistandakı sorğulara görə, Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpa olunmasını istəyənlərin faiz dərəcəsi artıb. Faktiki olaraq bu gün Ermənistanda Türkiyə ilə sərhədlərin açılmasını istəyənlər çoxalıb. Bunu nəzərə alaraq rəsmi İrəvan Minsk Qrupunun buraxılması, qarşılıqlı olaraq beynəlxalq məhkəmələrdəki iddiaların geri götürülməsi kimi məsələləri qısa zamanda həll etməlidir. Maneələri aradan qaldırb, Azərbaycanın beynəlxalq hüquqa uyğun tələbləri çərçivəsində sənədlərin imzalanmasına, o cümlədən Türkiyə ilə münasibətlərin yaxşılaşmasına getsə, Paşinyan üçün yeni şans yarana bilər. Bununla da onun reytinqi yüksələr və növbəti seçkilərdə uğur qazanar.

- Sizcə, Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyi ilə bağlı əsas planlarına nələr daxildir?

- Kreml bu gün post-sovet məkanına geri dönməyə çalışır. Ukrayna müharibəsindəki üstünlüyü ona belə imkanlar açır. Nəticə etibarı ilə Moskva bəzi post-sovet ölkələrində itirilmiş mövqelərini geri qaytarmağa və gücləndirməyə cəhd edir. Ermənistan da bu mənada ilk sırada duran ölkələrdən biri hesab olunur.

- Ermənistandakı mümkün hakimiyyət dəyişikliyi Azərbaycanla sülh prosesi üçün nə vəd edir?

- Sözsüz ki, hakimiyyət dəyişikliyi sülh prosesində mənfi gedişata səbəb ola bilər. Əgər Ermənistanda Rusiyanın kurasiyasında yeni hakimiyyət formalaşacaqsa, İrəvan Bakı ilə razılaşdırılmış sülh mətnində əlavə və dəyişikliklərin edilməsinə çalışacaq. Hətta revanşist ab-havanın artması da istinsa edilmir. Ona görə də Azərbaycan tərəfi Ermənistan hakimiyyətinin düşdüyü çətin durumu nəzərə alaraq Paşinyanın isə ciddi güzəştlərə gedərək sənədlərin imzalanmasına çalışmalıdır. Növbəti hökumət hətta imzalanmış sənədlərdən imtina etsə belə o zaman bütün məsuliyyət onların üzərində qalacaq və Azərbaycan istədiyi şəkildə davranmaq üçün beynəlxalq hüquq çərçivəsində imkanlar yaranacaq. Çünki Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması Avropanın Azərbaycana qarşı mənasız münasibətinin də kökündən dəyişməsinə səbəb ola bilər.

Seçilən
0
teleqraf.com

1Mənbələr