Türkmənistandan Azərbaycana idxal olunan pomidor məhsulunda qonur qırışıqlıq virusu aşkarlanıb və pomidor idxalına qadağa qoyulub.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, Qida Təhlükəsizliyi Agentliyinin beynəlxalq əlaqələrdən daim istifadə etməsi çox yaxşı haldır.
"Qida Təhlükəsizliyi Agentliyi bu tip malların Azərbaycana gətirilməsinin qarşısını alır. Həmin deyilən çirklənmə əkinçilikdə öz ziyanını göstərə bilər. İnsanlara bir zərəri olmasa da, pomidor əkinçiliyində böyük problemlər yarada bilər. Pomidorların məhsuldarlığının aşağı düşməsinə və torpaqların çirklənməsinə səbəb ola bilər. Bu çox yaxşı haldır ki, Qida Təhlükəsizliyi Agentliyi bunların qarşısını alır. Azərbaycanda pomidorçuluğun inkişafına mənfi təsir göstərən bu amillərin qarşısı mütləq alınmalıdır", - deyə müsahibimiz bildirdi.
Aytəkin TOFİQQIZI