Bakı, 7 may, AZƏRTAC
Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk illərdə müəyyən müqavimətlərlə qarşılaşsa da, həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə bu maneələri aradan qaldıraraq Azərbaycan dövlətçiliyinin əsasını möhkəmləndirdi. Qısaca desək, Azərbaycanı, əsl mənada, müstəqil dövlətə çevirdi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri mayın 7-də keçirilən “Milli Konstitusiyadan tam Suverenlik zirvəsinə: Heydər Əliyev ideyaları ilə yeni qələbələrə doğru” mövzusunda tədbirdə çıxışı zamanı Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov səsləndirib.
O bildirib ki, bu gün Azərbaycanın əldə etdiyi bütün uğurların təməlində məhz Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri dayanır: “Heç vaxt unutmamalıyıq ki, bu nailiyyətlər böyük şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Nə əldə etmişiksə, nə qazanmışıqsa, hamısına görə o böyük insana borcluyuq. Əminəm ki, Ulu Öndərin ruhu bu gün şaddır. Çünki vaxtilə dediyi “Azərbaycan dünyaya bir günəş kimi doğacaq” sözləri bu gün gerçəyə çevrilir. Azərbaycan bu gün tam müstəqil dövlətdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ərazi bütövlüyünü tam bərpa edib”.