İspaniyada bir kişi restoranda qazlı su içdikdən sonra mədə və qida borusunda yanıq xəsarətləri alıb.
News24.az xəbər verir ki, 42 yaşlı Pabolo Qonsales adlı ispaniyalı dostları ilə restoranda nahar edərkən qazlı sudan bir qurtum içdikdən sonra üç həftə ərzində xəstəxanada qida və su qəbul edə bilməyib.
Zərərçəkənin sözlərinə görə, butulka bağlanmış və normal görünüşdə imiş. Lakin ilk qurtumdan dərhal sonra ağzında yanma hiss edib. Stəkana baxdıqda, içkinin sarımtıl rəng aldığını görüb. O, ağzını yaxalamağa çalışsa da, ağrılar daha da şiddətlənib və təcili tibbi yardım çağırmağa məcbur olub.
Povisa xəstəxanasında həkimlər onun qida borusu və mədəsində ciddi daxili yanıq xəsarətləri aşkar ediblər – hətta orqanlarının qaraldığı bildirilib. Üç həftəlik müalicədən sonra Qonsales yalnız maye qida qəbul etməyə başlayıb. Lakin həkimlər onun tam bərpa olunub-olunmayacağı barədə dəqiq fikir bildirə bilmirlər.
Polis hadisənin baş verdiyi restoranın müşahidə kameralarının görüntülərini araşdırıb və şüşəni ekspertizaya göndərib. Lakin hələlik qəsdən törədilmiş cinayətə dair sübut tapılmayıb. Əsas versiya kimi kimyəvi maddənin — ehtimal ki, təmizləyici vasitənin — təsadüfən suya və ya stəkana düşməsi göstərilir. Restoran sahibi isə bu ehtimalı inkar edir.
Məryəm İlhamqızı