Yasamal rayon bələdiyyəsi vətəndaşa 252.83 manat əmlak vergisi borcunun yaranması ilə bağlı bildiriş göndərib.
Ekologiya.az xəbər verir ki, vətəndaş bu borcun necə və hansı formada yaranmasından xəbərsizdir.
Vətəndaş Yasamal bələdiyyəsinə müraciət edərək aşağıdakı suallara cavab almaq istəyib:
- 2020-2023-cü illər ərzində Yasamal bələdiyyəsi tərəfindən nə qədər əmlak vergisi toplanıb?
- 2020-2023-cü illər ərzində bələdiyyə tərəfindən toplanan vergilər hansı sahələrə xərclənib?
- 2020-2023-cü illər ərzində hansı tikinti işləri aparılıb? Aparılıbsa, bu işlərə nə qədər vəsait xərclənib?
- 2020-2023-cü illər ərzində Yasamal bələdiyyəsinin ümumi işçilərinin sayı nə qədərdir? Həmin işçilərin əmək haqları hansı məbləği təşkil edir?
- 2020-2023-cü illər ərzində Yasamal rayonu, Zərdabi küçəsində əhalinin ümumi istifadəsində olan küçə, həyət və bağların saxlanması üçün hər hansı vəsait xərclənibmi? Xərclənibsə, nə qədər vəsait xərclənib?
- 2020-2023-cü illər ərzində bələdiyyə tərəfindən hər hansı işlərin görülməsi ilə bağlı podratçı şirkətlərlə müqavilə bağlanıbmı? Bağlanıbsa, hansı şirkətlərlə bağlanıb və bu müqavilələr əsasında nə qədər vəsait xərclənib?
Vətəndaş xeyli gözləsə də, bu suallara cavab ala bilməyib. Buna görə də Bakı İnzibati Məhkəməsinə müraciət edib ki, bu sualların cavabının alınması üçün Yasamal bələdiyyəsinin üzərinə öhdəlik qoyulsun. Lakin məhkəmə onun iddiasını rədd edib. Vətəndaş bu qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi də vətəndaşın əleyhinə qərar verib.
Yasamal bələdiyyəsi deyir ki, Yasamal rayon bələdiyyəsinin rayon ərazisində gördüyü işlər aylıq, rüblük və illik hesabat şəklində “yasamalbelediyyesi.az” saytında, “bələdiyyə.info” saytında və qəzetində hər ay dərc edilir.
Bakı İnzibati Məhkəməsi də bu cavaba istinad edib.
Bələdiyyənin dediyi məhkəmənin istinad etdiyi mənbələrdə nə var?
Bələdiyyənin “yasamalbelediyesi.az” saytında hesabatlarla bağlı bir cümlə belə yoxdur. Saytda məlumat və xəbər yerləşdirilməsi ayda 2-3 dəfə həyata keçirilir. Bələdiyyənin saytında vətəndaşın hesabatla bağlı maraqlandığı sualların bir cümləsinə belə cavab tapmaq mümkün deyil.
“Bələdiyyə.info” saytında da vətəndaşın hər hansı bir bələdiyyənin hesabatı ilə bağlı məlumat əldə etməsi üçün bölmə yoxdur. Gündəlik xəbərlərdə isə daha çox bələdiyyələrin “müsbət” fəaliyyətləri işıqlandırılır. Hətta bu saytda Yasamal rayon bələdiyyəsinin rəsmi saytında keçid də yerləşdirilib. Bu keçid belə aktiv deyil.
Bir sözlə, 2025-ci ildə vətəndaşın bələdiyyənin maliyyə fəaliyyəti ilə bağlı nəsə məlumat əldə etməsi üçün heç elektron informasiya sistemi yoxdur!
Zəruri qeyd:
“Bələdiyyələrin statusu haqqında” Qanunun 52-2-ci maddəsinə əsasən, bələdiyyələr aşağıdakı hallarda öz fəaliyyətləri barəsində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər:
1) Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin İİ hissəsinə əsasən, qanunvericilik hakimiyyəti tərəfindən bələdiyyəyə verilmiş əlavə səlahiyyətlərin həyata
keçirilməsi barədə;
2) bu Qanunla müəyyən edilmiş hallarda yerli büdcələrə Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitlərinin istifadəsi barədə.
Bələdiyyələr ilin yekununa görə, aprel ayının 1-dək hesabat təqdim edirlər. Bu
maddənin 1-ci hissəsində nəzərdə tutulan hesabatdan başqa, bələdiyyə hər ilin yanvar ayının üçüncü həftəsinin bazar ertəsi görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir.
Hesabat yazılı formada tərtib edilir və bələdiyyənin iclaslarında təsdiq edilir.
Yerli əhalini tanış etmək məqsədi ilə hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılır.
Bələdiyyə seçicilərə verdiyi hesabatı təsdiq etdikdən sonra 10 gün müddətində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidir. Müvafiq bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin iştirakını təmin edən və nəticələri protokolla (protokollarla) rəsmiləşdirilən yığıncaqda (yığıncaqlarda) iştirak edənlərin yarısından çoxu hesabat dövründə bələdiyyənin fəaliyyətini qeyri-qənaətbəxş hesab edilməsinin “lehinə” səs verdikdə bu barədə qərar qəbul edilir və yığıncağın (yığıncaqların) protokolu (protokolları) bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilir.
Protokolun forması və tərtibinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Musavat.com
