Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin avqustun 8-də Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq sahəsində baş verib.
Qax rayon sakini, 1977-ci il təvəllüdlü Nəriman həmin gün saat 03:00-da qardaşı Vaqif ilə birlikdə sərxoş halda onun yaşadığı Binə qəsəbəsi, Atçılıq sahəsindəki evinə gəlib. Onları sərxoş halda görən Vaqifin arvadı Məlahət ərinin evə sərxoş və gec gəldiyi üçün öz iradını bildirib.
Elə buna görə də aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranıb.
Mübahisə nəticəsində Nəriman qardaşı arvadı Məlahəti qəsdən əli ilə vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Nərimanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəriman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, zərərçəkmiş Məlahət onun qardaşının arvadıdır:
“Avqustun 7-dən 8-nə keçən gecə Vaqiflə birlikdə restoranda yeyib-içdikdən sonra çıxdıq və Vaqifin yaşadığı Binə Atçılıqdakı evinə gəldik. Qapını Vaqifin yoldaşı Məlahət açdı. Biz evə daxil olan kimi Məlahət bizə içkili və gecə vaxtı evə gəldiyimiz üçün irad bildirərək mübahisə etməyə başladı.
Məlahət ilə Vaqifin mübahisəsi təxminən 1 saat çəkdi. Mən onları sakitləşdirməyə çalışsam da, Məlahət sakit olmadı. Bundan əsəbləşərək Məlahəti əlim ilə sinəsindən vurdum və qolundan bərk tutaraq sıxdım, onu kənara itələdim. Vaqif Məlahət ilə mübahisə etsə də, Məlahəti vurmayıb”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Məlahətin sözlərinə görə, avqustun 8-ə keçən gecə, yəni gecə saat 3 radələrində əri Vaqif, böyük qardaşı Nəriman ilə birlikdə içkili vəziyyətdə evə gəliblər:
“Mən yuxudan oyanaraq qapını açdım. Hər ikisi sərxoş halda evə daxil oldular. Yoldaşım Vaqifin 3 gündür evə gəlmədiyini, hansısa qadınla yaşadığını bildiyimdən, ondan soruşanda ki, harada idin, elə buna görə aramızda mübahisə yarandı. Mübahisə nəticəsində qaynım Nəriman Vaqifə bildirdi ki, sən dayan, mən onun cavabını verəcəm. Nəriman evin içərisində üstünə gələrək bədənimin müxtəlif yerlərinə əllə, təpiklə vuraraq xəsarət yetirdi”.
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Nəriman 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.
Təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub.
Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az