Beyləqan Rayon Məhkəməsində yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Azər Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Cebheinfo.az" xəbər verir ki, Oxu.Az-ın məlumata görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Azər Ağayev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək 1 il sınaq müddəti olmaqla şərti cəza təyin edib.
İttihama görə, Azər Ağayev Beyləqan rayonunda 14 yaşlı qızla tanış olub və onunla nişanlanıb. Daha sonra o, qızın razılığı və təklifi ilə ailə qurmaq məqsədilə nişanlısını qaçırıb. 16 yaşına çatmayan qızın hamilə olması barədə Beyləqan Rayon Polis şöbəsinə məlumat daxil olub və A.Ağayev saxlanılıb.