Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibəsində söyləyib.
“2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Sözsüz ki, bizim bu göstəricini gələcəkdə də artırmaq üçün potensialımız mövcuddur”, - deyən dövlətimizin başçısı ölkələrimizin neft sahəsində də qarşılıqlı fəaliyyət göstərdiklərini vurğulayıb.
Milli Məclisin deputatı Vüqar Bayramov Sherg.az-a bildirib ki, Azərbaycan və Vyetnam arasında iqtisadi əlaqələrin son zamanlarda dərinləşməsi müşahidə olunur:

"2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 224 milyon dollara qədər yüksəlib. Nəzərə alaq ki, 2021-ci ildə bu rəqəm 185 milyon dollar idi. 2022 və 2023-cü illərdə ticarət dövriyyəsində daha çox artımlar müşahidə etmişik. Bütün hallarda trend pozitivdir. Eyni zamanda Azərbaycan və Vyetnam arasında iqtisadi əlaqələrin inkişafında yeni imkanlar yaranır. Digər tərəfdən çox vacib məqamlardan biri məhz ölkələrin digər sahələrdə də əməkdaşlıq potensialının olmasıdır. Məhz turizm və xidmət sektorunda tərəfdaşlıq yüksək qiymətləndirilir. Xüsusilə ilk ölkə paytaxtları arasında birbaşa hava nəqliyyatının qurulması ilə bağlı aparılan danışıqlar turizmin inkişafına xüsusi töhfə verə bilər. Həmçinin Azərbaycan və Vyetnamım iş adamları qarşılıqlı sərmayə qoyuluşunda maraqlıdırlar. Vyetnam Prezidentinin Azərbaycana səfəri gözlənilir. Ümumiyyətlə bütün bunlar Azərbaycan-Vyetnam münasibətlərində yeni səhifə açacaq".