Son günlər aralarındakı hərbi-siyasi gərginliyin artması ilə dünyanın diqqət mərkəzində olan Hindistan və Pakistan Azərbaycanın turizm sektorunda əhəmiyyətli paya malikdir.
Bunu Dövlət Statistika Komitəsinin açıqladığı turizmin mövcud vəziyyəti haqqında hesabata əsasən demək olar.
Sənəddə deyilir ki, bu ilin I rübündə Azərbaycana səfər etmiş 508,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxsin 10,8 %-i Hindistan, 2,7 %-i Pakistandan gələnlər olub. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ölkələrdən səfərlərin sayı müvafiq olaraq 47,6 % və 11,5 % artıb.
Bəs regionda vəziyyətin gərginləşməsi həm Hindistandan, həm də Pakistandan xaricə səyahət etmək istəyən insanların planlarına, konkret olaraq Azərbaycan turizminə təsir edəcəkmi? "Report" mövzunu turizm bazarı üzrə ekspertlərlə müzakirə edib.
“Azərbaycan Turizm Peşəkarları Təşkilatı” İctimai Birliyinin sədri Ceyhun Aşurov deyir ki, adı çəkilər ölkələr həm əhali, həm də ərazi baxımından böyüklüyü ilə seçilirlər: "Hərbi vəziyyət elan edilmədiyi və sərhədlər bağlanmadığı halda yaranmış vəziyyətin gələn turistlərin sayına ciddi təsir göstərəcəyi gözlənilmir. Əgər ölkədən çıxışa məhdudiyyət yoxdursa, mövcud durumun Azərbaycana gələn turist axınına təsiri o qədər də hiss olunmayacaq. Lakin gərginlik dərinləşsə, hərbi vəziyyət elan olunsa, sərhədlər bağlansa, bu, turizm axınını ciddi şəkildə azalda bilər".
Onun sözlərinə görə, bu kimi riskləri azaltmaq üçün Azərbaycan daim yeni turizm bazarlarını araşdırmalı və şaxələndirmə siyasətini davam etdirməlidir: "Ölkə yalnız bir neçə məhdud bazara fokuslansa, bu, turizm sektoru üçün ciddi risklər yarada bilər. Azərbaycan daim yeni bazarlar açmalıdır. Məsələn, Çindən turistlərin cəlb olunması üçün münasibətlərin inkişafı vacibdir. Eləcə də digər ölkələrlə də turizm nöqteyi-nəzərindən hədəf bazarları artırılmalı, uyğun bazarlardan gələn turistlərin sayının artırılması üçün imkanlar nəzərdən keçirilməlidir. Zamanla mərhələli şəkildə yeni istiqamətlər açılır, hava nəqliyyatı qurulur, viza rejimi sadələşdirilir. Bütün bunlar bazarın diversifikasiyası məqsədi daşıyır və bu cür geosiyasi risklər fonunda turizm sektoruna təsirləri minimuma endirmək üçün vacibdir”.
"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, eyni zamanda "Azərbaycan Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi isə deyir ki, müharibə gedən ölkələrdə xaricə səyahət etmək barədə düşünənlərin sayı təbii ki azalacaq: "Odur ki, Azərbaycan potensial risklərə qarşı qabaqlayıcı addımlar atılmalı, alternativ bazarlarla daha sıx və dayanıqlı əməkdaşlıqlar qurmalı, diqqətini müəyyənləşdirilmiş hədəf ölkələrə yönəltməlidir. Bu baxımdan Azərbaycanın turizm sektoru üçün ən yaxın və böyük potensiala malik tərəfdaşlardan biri Rusiyadır. Şimal qonşumuzla əməkdaşlıq dərinləşdirilməlidir. 148 milyon nəfər əhalisi olan Rusiya gəlmə turizmi baxımından strateji əhəmiyyət daşıyır. Düşünürəm ki, Rusiya ilə əlaqələr genişləndirilərsə, Hindistan və Pakistandan mümkün turist itkisini müəyyən qədər kompensasiya etmək olar".
"Bu istiqamətdə konkret fəaliyyət göstərəcək məsul qurumlara ciddi ehtiyac var. İmzalanmış sənədlərin real nəticə verməsi üçün ardıcıl və effektiv işləmək , bu məsələyə sistemli yanaşmaq lazımdır", - deyə ekspert əlavə edib.