1941-ci ildə Azərbaycanın əhalisi 3.3 milyon idi. 600 min nəfər cəbhəyə göndərilmişdi.Onların yarısı müharibədə həlak olmuşdu. Yəni, 300 min azərbaycanlı...
Getdilər, getdilər Berlinə sarı,
getdilər, getdilər ölümə sarı.
Güllələr demədi: geri qayıdın.
Lülələr demədi: geri qayıdın,
qəlpələr demədi: geri qayıdın,
hələ uşaqsınız, nə yaşınız var…
Alman faşizmi üzərində şanlı qələbədən 80 il keçir... Cəbhədən 300 min adam sağ qayıtmışdı. Qayıdanların indi cəmi 21-i sağdır.
Berlinə sarı gedib, ölümün qənşərindən qayıdan o uşaqlardan biri də Ağababa İsgəndərov idi. Onunla “Sahil” bağında söhbətləşirik. Gələn il 100 yaşı olacaq, dillə demək asandır, 100 yaşı. Ancaq yaddaşı elə diridir ki... Komandirinin atasının adını da xatırlayır, Berlin xəstəxanasında onu müalicə edən həkimin soyadını da... Hətta Berlində yatdığı qospitalın yerləşdiyi küçənin adını da unutmayıb.
“Mən, Basarkeçər rayonunun Başkənd kəndində doğulmuşam. 1926-cı ildə... Məndən böyüklər cəbhəyə göndərildi. 1923-cü ildə anadan olanlar, 1924-də, 1925-də... Dörd qardaşım cəbhəyə getmişdi. Dilqəm, Şuxu, Heydər, Müzəffər...Hamısı müharibədən yaralı qayıtdı, Şuxu isə cəbhədən qayıdan kimi dünyadan köçdü. Ailənin sonbeşiyi mən idim.Axırda növbə bizə çatdı, 1926-cı ildə doğulanlara. Kəndimizdə başıpapaqlı qalmamışdı. Vəziyyət elə ağır idi ki, qadınlar yer şumlayır, taxıl əkirdilər. Kəndimizdə elə bir ailə tapmazdın ki, cəbhəyə əsgər göndərməsin”.
1942-ci ildə Zaqafqaziya Hərbi Dairəsinin komandanlığının əmri ilə Ucarda yaradılan 416-cı diviziya yaradıldı. Şimali Qafqazda döyüş yoluna başlayan diviziya, Ukraynada, Belorusiyada, Moldova, Polşada parlaq qələbələr qazanaraq Almaniyaya daxil olmuş, Berlindəki qələbə paradında iştirak etmişdi. Diviziyanın 308 topu vardı, toplarının birinin arxasında 18 yaşlı basarkeçərli traktorçu Ağababa dayanırdı. Diviziyanın şəxsi heyətinin 92 faizi azərbaycanlı idi.
“Məni Qoriya göndərdilər. Traktor kursuna getdiyimə görə məni artilleriya bölməsinə verdilər. Üç aylıq kursdan sonra cəbhəyə göndərdilər. 1944-cü ilin əvvəllərindən... 416-cı Taqanroq diviziyasının əsgəri olmuşam. Top atırdım, atıcı idim...Bir dəfə Polşada ağır döyüşə girdik. Taxta körpü vardı, oranı keçirdi əsgərlər. Qəfildən almanlar hücum etdi. Güllələr hər yandan üstümüzə tökülürdü, bir tərəfdən də aramsız top atəşləri... Körpü mərmilərə davam gətirə bilməyib dağıldı, əsgərlər çaya düşdü, nə qədəri orda öldü. Ancaq mən və cəbhə yoldaşım olan topçular almanların cavabını layiqincə verdik. Atəş nöqtələrinu susdurduq. Almanlar geri çəkildi. Buna görə mükafat da aldıq. Qəzetdə haqqımızda məqalə getdi”.
416-cı diviziya 1943-cü ilin avqustunda on üç günlük döyüşlərdən sonra Azov dənizinin (Bu dəniz Kerç boğazı ilə Qara dənizə birləşir) sahilində yerləşən Taqanrok şəhərinin azad edilməsində xüsusi rəşadət və qəhrəmanlıq göstərdiyi üçün “416-cı Taqanroq diviziyası” adlandırılır. Müharibənin gedişatında bu diviziya Ukraynanın azad edilməsində mühüm xidmət göstərir, Visla-Berlin xətti ilə irəliləyir və Berlinə daxil olur. Ucardan başlanan yol Berlində başa çatır.
“Dolanışıq çox çətin idi. Ərzaqımız tükənirdi. Yeməyə heç nə tapa bilmirdik.Az qalırdıq acından torpaq gəmirək. Çiy qarğıdalı yeyirdik. Kazaklar vardı, onlar kartof qabığı yeyirdi. Aclıq idi...Ancaq buna baxmayaraq qələbə əzmimiz sarsılmırdı, azalmırdı”.
Ancaq Almaniya təslim olmurdu. Hitler 1945-ci ilin 30 aprelində intihar etdi. 1 mayda bu xəbər elan edildi. Ancaq alman ordusu Berlini ev-ev, küçə-küçə qoruyurdu. Bu döyüşlərdə Sovet ordusu 81 mindən artıq əsgər və zabitini itirmiş, 200 mindən çoxu isə yaralanmışdı. Yaralananlardan biri də Ağababa İsgəndərov idi.
“Berlində düşmən bizə göz açmağa imkan vermirdi. Ümumiyyətlə, Berlin döyüşləri müharibənin ən amansız döyüşləri idi. Tüstüdən, dumandan göz-gözü görmürdü. Bizə snayperlərlə atəş açırdılar. Əmr verildi ki, yeraltı keçidə daxil olaq. Ancaq faşistlər da elə bil, bunu gözləyirdi. Keçidə su buraxdılar. Nə qədər əsgər yoldaşımız orda həlak oldu. Ancaq biz də çox yaxşı döyüşürdük. 7 alman zabitini tərk-silah elədik. 2 mayda ağır yaralandım. Necə yaralanmağım yadıma da gəlmir. Gözümü açanda xəstəxanada idi. Qolumdan və ayağımdan yaralanmışdım”.
Ağababa kişiyə kiçik bir hədiyyə də gətirmişəm. İkinci Dünya Müharibəsindən bəhs edən bir fotoalbom-kitab. Hədiyyəni sevinclə qəbul edir, kitabı birlikdə vərəqləyirəm, Sovet ordusunun Berlinə girməsini əks etdirən fotonu göstərirəm.
-Bax, burda Berlinə girmisiz...
Ağababa kişi sanki əliylə şəkli oxşayır, ya da reflektiv bir hərəkətdir, mənə elə gəlir. Ancaq şəklə sevgiylə baxır, həsrətlə baxır və fərəhlə baxır. Mən də şəklə baxıram, onun gördüklərini görə bilməsəm də... Onun gözlərində qanlı bir tarix, qiymətli dostlar, qələbə eşqi canlanır.Sonrakı səhifədə isə yanaşı oturan üç nasist generalın fotosu var. Ağababa kişi əlini şəkildən tez çəkir, elə bil şəkildən iyrənir.
-Bunlar da sizin düşmənlərinizdir, Hitlerin generalları...
-Hə, düşmənlərdi, düşmənlərdi...
Onunla bir yerdə kitabı vərəqləyirik. Ağababa kişi xəyala dalıb, mənim isə yadıma Əli Kərimin “Coğrafiya müəlliminin şəhadət barmağı haqqında ballada” şeiri düşür.
Hər azərbaycanlı bir az şairdir. Hətta döyüşçüləri belə... 14 yaşında dövlət quran Xətai də şeir yazırdı. Azərbaycan xalqının mifoloji qəhrəmanı Koroğlunun da bir əlində qılınc vardı, digər əlində saz... Əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadə də şeir yazırdı. Ağababa İsgəndərov da Berlinin Karlsruhe küçəsində yerləşən hərbi qospitalda qələmə sarılır və anasına məktubla bir şeir yazıb göndərir:
Berlində yazıram, uzaqdır yolum,
Tərpənmir sol qıçım, yazmır sağ qolum.
Həkimlər soruşur necədir halın?
Topla bu dərdimi, yaz ağla məni.
“Qospitalda yatırdım, tez-tez dostlarım gəlib mənə baş çəkirdi. Vəziyyətim çox ağır idi, ayağım da qolum da gipsdə idi. Bir yəhudi həkim var idi, mənə baxıb dedi ki, sənin ayağını kəsməliyik. Mən də etiraz elədim, qoymadım. Bu vaxtı bir həkim gəldi, bakılı idi, Şıxəliyev Tahir. O məni yoxladı, yəhudi həkimə də acıqlandı. Dedi, narahat olma, sən yaxşı baxacağam, ayağın salamat qalacaq. Sağ olsun, o olmasa idi ayağım kəsiləcəkdi. Generalımız da məni yoluxdu, həkimlərə mənimlə bağlı tapşırıq verdi. Qələbə xəbərini də dostlarım mənə gətirdi. Çox sevindim, çox... Xəstəxanada il yarım qaldım”
İlyarım ağır döyüşlər keçirən, özünün də dediyi kimi havada yağış əvəzinə ət parçaları yağan Ağababa kişi qospitalda alman bir həkimə, Krestensə vurulur. Ondan bir uşağı da olur. Uşağı qızın atasının adı ilə adlandırırlar: İsgəndərov Rauf Ağababa oğlu. Ağababa ordudan tərxis olunur, SSRİ-yə gedən qatara minirlər. Ancaq Sovet patrulu Krestensə qatara minməsinə icazə vermir. Çünki qatar ancaq hərbçilər üçündür, mülki şəxslərə icazə yoxdur. Krestensi əşyaları ilə birgə vaqondan düşürürlər. Ağababa bu dəhşətli ayrılığı belə nəzmə çəkir... Sahil bağında küləkdən xışıldayan yarpaqları ilə şeirin bu qəmli harayı birləşib asimana və bəlkə də düz Almaniyaya pərvazlanır.
“İcazə vermirlər səni aparam,
Məni də qoymurlar burada qalam.
Yanında qalıbdır bir körpə balam,
Elədin bağrımı qan, alman qızı”...
Berlindən yola düşən Ağababa İsgəndərov düz 25 gün sonra ana yurdu Daşkəndə çatır. Heç şübhəsiz ki, bu 25 günlük səfərin hər saniyəsində, hər salisəsində onu Krestensin xəyalı müşayiət edirdi. Və heç şübhəsiz ki, onun ürəyindəki qəm əlində əsgər çamadanından ağır gələrdi.
Ancaq həyat davam edirdi. Bu dəfə göydən insan əti yox yağış, qar, dolu yağırdı. Ağababa qoyunçuluq fermasında çalışmağa başladı, ev-eşik, ailə-uşaq yiyəsi oldu. Dörd oğul, altı qız böyütdü. Ta ki, 1988-ci ilə qədər... O zaman Ağababa kişi yüz minlərlə soydaşı kimi Ermənistandan deportasiya edildi. Göyçə mahalı Ağababa kişinin yaralı yeridir. Bayaqdan hökmlə zabitə ilə danışan Ağababa kişi söhbət Göyçəyə gələndə səsi titrəyir
“Göyçə mənim qibləmdir, Məkkəmdir, Mədinəmdir. “Tərsə" dağlarında, "Sona bulağı", "Ocaq bulağı", "Sarıbulaq” tez-tez yuxuma girir. Nəvələrimə, nəticələrimə danışıram”...
O keçən əsrin ən ağır dəhşətlərini öz ruhunda yaşamış, dərisində hiss etmişdi. Ancaq yeni əsrin xoş müjdəsindən ona da pay düşəcəkdi. Ağababa kişi Şuşanın azad edilməsi xəbərini aldığı günün ömrünün ən xoşbəxt günlərindən biri hesab edir: “İki gün sevindiyimdən çörək yeyə bilmədim. Bayram elədim, şadlıq elədim, Nə qədər sevindim. Allah orda vuruşan övladlarımızın canını sağ eləsin, dərd nədir, bəla nədir, görməsinlər. Şəhidlərimizə də Allah rəhmət eləsin ki, belə bir günü bizə göstərdilər. Sağ olsun, Ali Baş Komandan, o məni üçün ən qüdrətli sərkərdədir, ən igid adamdır. Ona görə ki, o torpaqları ermənidən almağı bacardı. O gün sanki dünyanı mənə verdilər. Həmişə deyirdim ki, Sovet bayrağını aparıb Berlində asdım, Allah mənə ömür versin, Azərbaycanın bayrağını da Şuşada, Kəlbəcərdə, Xankəndidə asım. Küçəyə çıxdım, əlimdə bayraqlarımızla. Bütün xalq küçədə idi, hamı görüşürdü, sevinirdi, alqış eləyirdi”.
Bəli, Ağababa İsgəndərovun Şuşanın azad edilməsi elan edildək sonra paytaxtımızda kütləvi şadyanalıqda çəkilən bu fotosu ölkə mediasında, eləcə də sosial mediasında özünə geniş yer tapmışdı.
Gələn il 100 yaşı tamam olacaq Ağababa kişi ilə sağollaşıram. Əlimi möhkəm-möhkəm sıxıb belə deyir: “Çox sağ ol məni yoluxduğun üçün. Çox sağ ol...” Ayağa qalxır, sanki nəyisə xatırlayırmış kimi uzaqlara baxır və belə deyir: “Müharibə çox pis şeydir. Allah heç bir xalqa müharibə göstərməsin. Analar balasız, gəlinlər ərsiz, qızlar qardaşsız qalmasın”.
Bundan yaxşı sonluq yoxdur...