AZ

Əvvəlki ilin məzunlarının nəticələri niyə zəif olub?

Keçdiyimiz gün əvvəlki ilin məzunlarının imtahan nəticələri açıqlanıb.

 

Həmin abituriyentlər imtahan prosesində daha əvvəl iştirak etdiklərindən, sualların formatı və tərzi barədə məlumatlı idilər. Üstəlik, onlar imtahan stressini bir dəfə yaşamış, bu təcrübəni artıq geridə qoymuş şəxslərdir. Lakin buna baxmayaraq onlar arasından maksimum nəticə əldə edən olmayıb.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu məsələni bir neçə amillə izah edib.

 

Ekspertin sözlərinə görə, əvvəlki illərin məzunlarının sayı az olub və bu kontingentin əksəriyyəti əvvəlki illərdə zəif nəticə göstərmiş şəxslərdir. Bu səbəbdən onların bilik səviyyəsi adətən yüksək olmur:

 

“İlk olaraq nəzərə almaq lazımdır ki, əvvəlki illərin məzunlarının sayı az olub, yəni kontingent də məhdud idi. Həmçinin, onlar əvvəlki illərdə zəif nəticə göstərmiş şəxslərdir və adətən yüksək bilik səviyyəsinə malik olmurlar. Onların əksəriyyəti sadəcə şanslarını yoxlamaq məqsədilə imtahanda iştirak edirlər".

 

Ekspert əlavə edib ki, bu şəxslər əvvəlki imtahanlarda iştirak etdiklərinə görə müəyyən təcrübəyə malik olsalar da, bu, onlara ciddi üstünlük qazandırmır:

 

“Onlar bir neçə dəfə imtahanda iştirak etsələr də, bu, hər il sualların eyni tipdə olduğu anlamına gəlmir. Sualların tipi və mövzular hər il dəyişdiyindən, bu məlumat onlara ciddi üstünlük vermir və bu səbəbdən onların daha yüksək nəticə göstərməsi gözlənilməməlidir".

 

Rizvan Fikrətoğlunun fikrincə, bütün bu amillər nəzərə alındıqda, əvvəlki ilin məzunlarının 300 bal toplamaq kimi maksimal nəticəyə çata bilməməsi tamamilə normal haldır.

Seçilən
0
azedu.az

1Mənbələr