AZ

Bu viruslar beyinə 4 yolla yayılır – Həkimdən XƏBƏRDARLIQ

“Xüsusi bir beyin virusu yoxdur. Lakin bəzi viruslar ensefalitə (beyin iltihabına) səbəb olur.  Ensefalit virusları beyinə təsir göstərərək orada müxtəlif zədələnmələr yarada bilir. Əslində, bir çox viruslar beyində ilkin zədələnmələrə gətirib çıxarır. Bu zədələnmələrin fonunda isə mikroorqanizmlər, yəni mikroblar aktivləşərək xəstəliyin inkişafına yol açır”.

Bu fikirləri terapevt Rasif Bağırov KONKRET.az-a açıqlamasında səsləndirib.

Rasif

“Virus infeksiyası, məsələn, adi qrip zəif immun sistemli və ya genetik risk altında olan şəxslərdə beyin toxumalarında zədələnmə yarada bilər. Bu zədələnmələr sonradan daha ciddi nevroloji fəsadlara gətirib çıxarır.”

Terapevt qeyd edir ki, qorunmaq üçün virus infeksiyası olan şəxslərlə təmasdan çəkinmək, immuniteti güclü saxlamaq, baş ağrısı kimi ciddi simptomlar olduqda dərhal həkimə müraciət etmək tövsiyə edilir.

“Bəzən baş ağrısı infeksiyanın beyinə təsirinin ilkin əlaməti ola bilər. Təəssüf ki, bu cür vəziyyətlərin qarşısını almaq üçün spesifik peyvənd mövcud deyil”.

Həkim-neyrocərrah Fuad Dövlətov isə saytımıza açıqlamasında vurğulayıb ki, viral beyin infeksiyaları müxtəlif viruslar tərəfindən törədilir və əsasən meninqit, ensefalit və ya onların birgə forması olan meninqoensefalit kimi özünü göstərir. Bu infeksiyalar bəzi hallarda həyati təhlükə yaradır və təcili tibbi müdaxilə tələb edir.

“Virusların beyinə keçmə yolları:

1.Hematogen yol (qan vasitəsilə):

Ən çox rast gəlinən ötürülmə yoludur. Virus əvvəlcə tənəffüs yollarında, dəridə və ya bağırsaqlarda çoxalır, sonra isə qan dövranı ilə beyinə yayılır.

2.Nevrogen yol (sinirlər vasitəsilə):

Bəzi viruslar, o cümlədən herpes və quduzluq virusu periferik sinirlər boyunca mərkəzi sinir sisteminə daxil olur.

3.Birbaşa yayılma:

Nadir hallarda sinüzit, orta qulaq infeksiyası və ya baş travmasından sonra virus birbaşa beyin toxumasına keçə bilər.

4.Transplasental yol (ana bətnində):

CMV və Zika kimi bəzi viruslar hamiləlik zamanı plasenta vasitəsilə dölə ötürülərək doğuşdan əvvəl infeksiyaya səbəb ola bilər”.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
0
konkret.az

1Mənbələr