Mətləb Salahov: “İrəvandakı revanşistləri aktiv siyasətə qaytarmaqla, Moskva Cənubi Qafqazdakı yeni planları üçün hərəkətə keçib”
“Əslində Rusiyanın, şəxsən Vladimir Putinin Ermənistanda ehtiyatda saxladığı ona sadiq revanşistləri belə bir məqamda hərəkətə gətirməsi olduqca təbii prosesdir. Çünki Azərbaycanın Çin kimi dünya nəhəngi ilə tərəfdaşlıq əlaqəsi yaratdığı, bölgədə müəyyənedici mövqeyə sahib olduğu bir vaxtda, Moskva əsrlərdir Cənubi Qafqazda “stukaçı dövlət” kimi istifadə etdiyi Ermənistanı yenə pozucu funksiya üçün ortaya atmağa hazırlaşır."
Bu barədə "Bakı Xəbər"ə açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında Sülh Müqaviləsinin imzalanması üçün işlərin yekunlaşdığı barədə hər iki tərəfdən açıqlamalar gəldikcə Ermənistanda revanşist qüvvələr əl-qol açmağa, Azərbaycan əleyhinə həyasız hədələrlə çıxış etməyə başlayıblar. "Onlar artıq N.Paşinyanın impiçmenti üçün hərəkətə də keçiblər. Respublikaçılar Partiyasının üzvü Hayk Mamicanyan NEWS.am saytına açıqlamasında bildirib ki,“Biz həmişə demişik ki, impiçment Paşinyanı devirmək üçün ən yaxşı vasitədir”.
Əlbəttdə, onların bu cür “cəsarətli hürüşməsi” ancaq arxalarındakı qüvvənin birbaşa təlimatı ilə mümkündür. On illər boyu Ermənistanı korrupsiya və cinayətkarlıq girdabında məhv edən Robert Köçəryan və Serj Sarkisyan kimi ləkələnmiş fiqurları yenidən siyasi səhnəyə qaytarmaq yalnız Moskvanın maraqları üçün lazımdır. Şəxsi olaraq bir-birinə nifrət edən bu ikilinin Nikol Paşinyan hakimiyyətinə qarşı “dirildilməsi” birbaşa Kremlin bölgədəki gələcək maraqlarına hesablanıb. Açıq şəkildə görünür ki, İrəvandakı revanşistləri aktiv siyasətə qaytarmaqla Moskva Cənubi Qafqazdakı yeni planları üçün hərəkətə keçib”.
Namiq Quliyev