AZ

Vidanı hazırlayan yüksəliş

Azərbaycan millisinin üzvü Mahir Emreli mövsümün sonunda “Nürnberq”dən ayrılacaq. II Bundesliqa klubu 27 yaşlı hücumçu ilə yeni müqavilə danışıqlarında ortaq məxrəcə gələ bilməyib.

“Bild” nəşri Mahirin son oyunlarda yüksələn performansının onun “Nürnberq”lə vidalaşmasına səbəb olduğunu bildirib. Emreli klubdan ilk növbədə daha yüksək məbləğ tələb edib, eyni zamanda adının Bundesliqa klubları ilə hallanması fikrinin qarışmasına səbəb olub.

Ümumiyyətlə, Mahir son illərdə qeyri-stabil çıxışı ilə diqqət çəkir. “Nürnberq”dən öncə istər “Dinamo”da (Zaqreb), istərsə də “Legiya”da (Polşa) ardıcıl bir neçə oyun qol vurub, diqqəti üzərinə çəkən Mahir daha sonra eniş yaşayıb. Stabillik forvardın əsas problemlərindəndir. Buna baxmayaraq, Mahirin adının Bundesliqa klubları ilə hallanması özü və Azərbaycan futbolu üçün müsbət məqamdır.

Mahirin mövsümün əvvəlində “Nürnberq”ə keçməsi də xoş qarşılanmışdı. Almaniyanın köklü klublarından olan komandaya sabiq tanınmış hücumçu Miroslav Klozenin rəhbərlik etməsi Mahirin hücum keyfiyyətlərini artırmasına səbəb oldu. Mahir qış fasiləsinə qədər istənilən səviyyədə deyildi və daha çox ehtiyat oyunçusu idi. Ancaq yanvardan məşqlərdə aktivlik göstərən hücumçu şans qazandığı matçlarda özünü göstərməyi bacardı. Hərçənd, Kloze onun performansını bəyənmir, tez-tez adını mətbuatda hallandırırdı. Emreli üçün ən yaxşı cavab qollar idi və bunu etdi. Artıq vəziyyət dəyişdi və Mahir performansına qarşılıq tələblərini də yüksəltdi və razılıq olmadı.

Emreli “Nürnberq”də ümumilikdə 23 oyuna çıxıb. Bunların 22-də II Bundesliqaya təsadüf edib. Emreli bu matçlarda 7 qol vurub, 1 məhsuldar ötürmə edib. Maraqlı məqam odur ki, 7 qolun məhz 4-ü son 4 matçda olub. 6-7 aya 3 qol vuran Mahirin son bir ayda 4 qol vurması diqqət çəkən əsas məqamdır.

Şahin Cəfərov

Seçilən
0
futbolpress.az

1Mənbələr