AZ

“Səs yazısı kontekstdən çıxarılaraq təqdim edilib” – Müəllimlə bağlı yayılan iddia HƏLLİNİ TAPDI

Bir müddət öncə KONKRET.az saytında Siyəzən rayon Yenikənd kənd Vüqar Qasımov adına tam orta məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Şahzadə Aslanova barəsində yayımlanmış səs yazısı və müvafiq xəbər başlığına əsasən müəllimin şagirdlərdən ekskursiya məqsədilə pul topladığına dair məlumat dərc edilmişdi.

Həmin məlumatın yayımlanmasından sonra redaksiya tərəfindən məsələ dərindən araşdırılmış, tərəflərlə, o cümlədən müəllimin özü ilə də əlaqə saxlanılmış və qeyd olunan məlumatların həqiqəti əks etdirmədiyi müəyyən olunmuşdur. Məlum olmuşdur ki, Şahzadə Aslanovanın hər hansı qanunsuz fəaliyyəti olmayıb, səs yazısı da kontekstdən çıxarılaraq təqdim edilib.

Ekskursiyaların təşkili müəllim və valideynlərin qarşılıqlı razılığı əsasında həyata keçirilir və bu cür təşəbbüslər təhsilin qeyri-formal komponenti kimi, uşaqların dünyagörüşünün formalaşmasında müsbət rol oynayır. Məhz bu səbəbdən biz, peşə etikası və obyektiv informasiya prinsiplərinə əsaslanaraq, həmin materialı saytdan silmişik.

Əlavə olaraq qeyd etmək istəyirik ki, Şahzadə Aslanova 1994-cü ildən etibarən sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır və 10 aprel 2025-ci ilə – pensiya yaşına qədər bu məsuliyyətli və şərəfli vəzifəni icra etmişdir. Onun çoxillik pedaqoji fəaliyyəti və nüfuzu bizim üçün hörmət doğurur.

Bu münasibətlə Şahzadə Aslanovadan və oxucularımızdan narahatlıq doğuran material üçün üzr istəyir, işgüzar nüfuzun qorunmasına dair öhdəliyimizi bir daha bəyan edirik.

KONKRET.az

Seçilən
0
konkret.az

1Mənbələr