AZ

Belarusla ölkəmizin əməkdaşlığının miqyas və hədəfləri böyüyür

Əlverişli geosiyasi mövqeyi ilə fərqlənən Azərbaycan Respublikasının bu gün beynəlxalq enerji və nəqliyyat infrastrukturu layihələrinin mərkəzinə çevrilməsi ölkəmizə marağı artırır. Son illər Azərbaycanın postsovet məkanına daxil olan dost ölkələrlə də əlaqələrinin səviyyəsi yüksələn xətlə inkişaf edir. Bu baxımdan Azərbaycanın Belarusla mövcud əməkdaşlıq əlaqələri diqqəti daha çox çəkir. Respublikamızla adı çəkilən ölkə arasında mədəniyyət və humanitar sahələrlə yanaşı, ticarət və iqtisadi əməkdaşlıq istiqamətində də ildən-ilə irəliləyişlər nəzərə çarpır. 

Onu da deyək ki, rəqabət, antiinhisar siyasəti, dövlət satınalmaları və istehlakçı hüquqlarının müdafiəsi sahələrində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinə, eləcə də müvafiq istiqamətlər üzrə qarşılıqlı təcrübə mübadiləsi imkanlarına xüsusi önəm verilib. Ötən il iyulun 1-dən respublikamızda qüvvəyə minən Rəqabət Məcəlləsi, o cümlədən ilin əvvəlindən etibarən tətbiqinə başlanılan “Dövlət satın­almaları haqqında” yeni Qanun və rəqabət sahəsində xidmətlərin rəqəmsallaşdırılması istiqamətində atılan addımlar nəticəsində dost ölkə ilə iqtisadi əməkdaşlıq daha da sürətlənib. 

Belarusun Ticarət-Sənaye Palatasının sədri Mixail Myatlikov Bakıda keçirilən biznes-forumda bu barədə ətraflı danışıb, ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin uğurla inkişaf etdiyini, ötən il Belarusda gerçəkləşən belə bir görüşün uğurlu nəticələrlə diqqət çəkdiyini, hesabat dövründə dövlətlər arasındakı ticarət dövriyyəsi həcminin 46 faizə yüksəldiyini bildirib. 

Mixail Myatlikov qeyd edib ki, Azərbaycan Belarusa əsasən meyvə, tərəvəz, neft və neft məhsulları ixrac edir. Bu ölkə isə respublikamıza süd, süd məhsulları, ağac və başqa tikinti materialları satır. Azərbaycan Belarusun ticarət tərəfdaşları sırasında 11-ci pillədən 7-yə yüksəlməsi də ticarət əlaqələrinin sürətli inkişafının nəticəsidir.

Palata sədri daha sonra bildirib ki, Bakıda reallaşan biznes-forumda Belarusdan gələn çox sayda iş adamının iştirak etməsi döst ölkələrin biznes qurumları arasında yeni əməkdaşlıq və iş adamlarının əlaqələri üçün böyük zəmin yaranacaq. Həmişə qarşılıqlı etimada və xoş münasibətə söykənən Azərbaycan ilə Belarusun iqtisadi və ticarət əlaqələri xalqların rifahını və dövlətlərin qüdrətini daha da artıracaq. 

Biznes-forumda hər iki ölkənin ticari-iqtisadi əlaqələrdə dinamik artım nümayiş etdirildiyi, 2025-ci ilin birinci rübündə ticarət dövriyyəsinin 100 milyon dolları ötdüyü, Azərbaycan məhsullarının Belarusa ixracının 82 faizi keçdiyi və 18 milyon dollar olduğu da diqqətə çatdırılıb. Eyni zamanda, Azərbaycanın alkoqollu məhsullarının Belarus paytaxtında fəal ­şəkildə təşviq edildiyi vurğulanıb.

Bildirilib ki, İki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə müsbət təsir göstərən məsələlərdən biri də Gəncə Avtomobil Zavodunun Minsk Traktor Zavodu ilə uğurlu əməkdaşlığıdır. 2007-ci ildən bəri əməkdaşlıq çərçivəsində 14 mindən çox traktor və 3 mindən artıq yük avtomobilinin istehsal edilməsi də bu fikrin bariz ifadəsidir. 

Belarus digər texnikaların – tikinti, kommunal, dəmir yolu, qəza-xilasetmə və müxtəlif növ xüsusi texnikanın Azərbaycana tədarükünün təşkilində perspektiv görür. Bundan başqa, Azərbaycanda aqrar sektorun, o cümlədən heyvandarlığın inkişafı proqramlarının birgə həyata keçirilməsində ciddi potensial nəzərə çarpır. Heyvandarlıq komplekslərinin yaradılması, həmçinin damazlıq tələbatının ödənilməsi sahəsində zəngin qabaqcıl təcrübəmizi tətbiqi, Azərbaycan ərazisində baytarlıq preparatlarının birgə istehsalının yaradılması layihəsi yüksək aktuallıq kəsb edir.

Forumda Azərbaycan-Belarus birgə lift yığımı müəssisəsində bu il ərzində birinci mərhələdə 200 ədəd liftin yığılmasının planlaşdırıldığı qeyd edilib. İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayevin sözlərinə görə, Belarusun “Mogilevliftmash” Səhmdar Cəmiyyəti (SC) ilə Azərbaycanın “Vertus Engineering Co” şirkəti arasında ötən il birgə istehsalla bağlı müqavilə imzalanıb. Lift avadanlıqları sahəsində birgə əməkdaşlıq artıq praktiki mərhələyə daxil olub. 

Qeyd edək ki, 50 illik təcrübəyə malik olan bir zavod – “Mogilevliftmash” SC sərnişin və yük liftlərinin layihələndirilməsi və istehsalı üzrə ixtisaslaşıb. İllik 13 min ədəd lift istehsal edən müəssisə bazarda böyük nüfuz qazanıb. Bu əməkdaşlıq Azərbaycanın sənaye təhlükəsizliyi sahəsində beynəlxalq standartlara uyğun liftlərin istehsalı və ixracına yönəlmiş strateji addımların tərkib hissəsi kimi qiymətləndirilib.

Qeyd edək ki, Bakıda keçirilən Azərbaycan-Belarus biznes forumunun yekunları üzrə 18,9 milyon dollar dəyərində müqavilələr imzalanıb. Ümumilikdə, 12 sənədə imza atılıb, onlardan üçü onlayn şəkildə qəbul olunub. 

Belarusun Ticarət-Sənaye Palatasının sədri Mixail Myatlikovun sözlərinə görə, razılaşmaya əsasən, ölkəsinin nümayəndələri Azərbaycandan olan tərəfdaşları ilə iyunda keçiriləcək “Belagro” sərgisində görüşəcəklər. Belaruslular isə mayın 13-dən 16-dək “Caspian Agro” beynəlxalq sərgisində iştirak edəcəklər. 

O qeyd edib ki, forum zamanı Belarus Universal Əmtəə Birjası ilə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum, “Mostovdrev” və “Sosna” şirkətləri arasında məhsul tədarükünə dair üç müqavilə, “Kamvol” və “Smart Style" şirkətləri arasında məhsul tədarükünə dair müqavilə, "Spartak” və “AZNUR” şirkətləri arasında məhsul tədarükünə dair müqavilə, “Borkof-Aqro” MMC ilə “Stapri-Azərbaycan” MMC arasında rezin lövhələrin tədarükünə dair niyyət sazişi, “BelOMO” holdinqinin “LEMT” Elmi-Texniki Mərkəzi ilə “Azərbaycan Milli Aviasiya Akademiyası Hava Yolları” QSC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Prezident İlham Əliyev çıxışlarının birində Azərbaycan – Belarus ikitərəfli münasibətlərinin perspektivləri barədə danışarkən deyib: “Bir çox məsələlər – ikitərəfli gündəlik, regional və beynəlxalq məsələlər üzrə ətraflı danışdıq. Münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdik. Ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk. Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur. Bu, dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür”.

Dövlətimizin başçısı sözlərinə əlavə edərək qeyd edib ki, qarşılıqlı fəaliyyətimizin perspektivlərinə baxdıqda böyük potensialı, əmtəə dövriyyəsinin artmasını və sənaye kooperasiyasında, kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsini görürük. Əlbəttə, biz azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin, müəssisələrinin iştirakına da şad olardıq. 

Seçilən
0
xalqqazeti.az

1Mənbələr