Premyer Liqada mövsümün finalı yaxınlaşır. Cəmi üç tur qalıb. Qızıl və gümüş medallar artıq öz sahiblərini tapıb. «Qarabağ» və «Zirə» minimum vəzifənin öhdəsindən gəlibsə, «Araz-Naxçıvan», «Turan Tovuz» və «Sabah» avrokuboklara digər iki vəsiqəyə yiyələnmək uğrunda mübarizə aparır.
«Araz» çempionatda üçüncü yerdədir. «Turan»ı 6 xal qabaqlayırlar. Bir qələbə kifayətdir ki, Elmar Baxşıyev ürəkdən dərindən bir nəfəs alsın.
«Sabah» və «Turan» bütün ümidlərini kuboka bağlayıb. Bu yarışla erkən vidalaşmış Tovuz təmsilçisi «Qarabağ»ın finalı udmasını arzulayır. Masazır klubu isə kuboku başı üzərinə qaldırmaq istəyir ki, son bilet onun olsun.
Göründüyü kimi, mayın axır həftələri olduqca gərgin və isti keçəcək.
«Turan» 30 ildən sonra qitə arenasına çıxsa, Kurban Berdiyevin işi yüksək qiymətləndirilməyəcək. «Qarabağ»ın ümidinə qalan «Turan» barədə Ehtiram Quliyev yenə nə «nağıllar» danışacaq, bax, bu, maraqlıdır! Liqada son 3 tur öncəsi topladıqları xal ehtiyatı 49-dur. Bu, ötən mövsümün müvafiq vaxtı ilə müqayisədə cəmi 1 xal çoxdur.
Əlbəttə, hansısa inkişafdan danışmağa dəyməz. Artım klubun büdcəsindədir, transfer əməliyyatlarına ayrılan vəsaitin məbləğindədir, şəratin yaxşılaşdırılmasına sərf olunan pul kütləsindədir.
Berdiyevlə 2+1 illik müqavilə bağlayan Quliyev kisənin ağzını gen açıb. Ötən ilin iyunundan bəri kluba istiqamətləndirilən maliyyə o qədər çoxalıb ki,.. Ayxan Abbasov bunu yalnız yuxusunda görə bilərdi.Keçən sezon xidmətindən istifadə olunmuş futbolçuların burada 1 il də saxlanılması üçün 250 min manat civarında əlavə xərc çəkilib. Yenə baş məşqçinin özünə ödənilən illik məbləğin isə 850 min dollar təşkil etdiyi deyilir.
Ayxan Abbasovun gətirdiyi, həmçinin ondan sonra düşərgəyə çağırılmış legionerlərə ödənilən məbləğin də kifayət qədər artmasını yaddan çıxarmamalıyıq. Maaşlarla yanaşı, mükafat fondu da xeyli şişib. Bir oyuna görə 40-100 min manat mükafat göz qamaşdırır.
Ehtiram Quliyevin bu 10 ayda əsas komandaya ayırdığı vəsaitlə Kurban Berdiyev heç bir ciddi iş ortaya qoymadı. Konfrans Liqasına vəsiqə qazansalar belə, klubun İdarə Heyətinin sədri «Qarabağ»a minnətdar olacaq, 73 yaşlı «Baba»ya yox.
Bilirik, bu qeydlərimiz dəyərli iş adamının xoşuna gəlməyəcək. Berdiyevi görəvə gətirməklə nə boyda səhvə yol verməsini özü də başa düşür, əlbəttə. Ancaq belə xatırlatmalar Quliyevi qıcıqlandırır. Keçmiş idman direktor Nadir Nəbiyev və Ayxan Abbasovun adını hardasa eşidəndə və ya oxuyanda, onun qanı qaralır, xeyli əsəbiləşir. Bu iki şəxsi «Turan»dan uzaqlaşdırmaqla yanlış etməsini daxilən anlayır, ancaq kənardan bir kimsənin, məsələn, bizim/mətbuatın deməsi isə Ehtiram bəyi qıcıqlandırır. Hirs və hikkədən.
Nadir Nəbiyev 10 ilə yaxın müddətdə «Turan» üçün çox iş görmüşdü. Əziyyəti qiymətləndirilmədi. Urvatsız şəkildə yola salındı klubdan. Nəbiyevin Tovuz futbolu qarşısında xidmətlərini yerə vuranları bu gün tale özü göydən yerə çırpır. Mövsümün əvvəlində və ortasında böyük «Turan» layihəsindən ağızdolu danışan E.Quliyevə bu gün komandanın uğursuzluqlarından söz açmaq olduqca ağır gəlir. Berdiyev və futbolçuların yarıtmazlığından iki kəolmə desə, gərək birini də özündən desin. Amma təbii ki, deməyəcək. Quliyev özünütənqid düşüncəsinə sahiblənməyib. O, adicə haqqında mətbuatdan iki cümlə tənqidi söz oxuyanda dözə bilmir buna, yanlışlarınımı dilə gətirəcək?
Nadir Nəbiyevə dəstək xarakterli plankart stadionda qaldırılanda oturduğu yerdən dik atılan, Ayxan Abbasovu anidən baş məşqçi postundan uzaqlaşdırmasına sərt reaksiyaları görəndə idman direktoru Səməd Nəsibovun gününü qara edən sədr buyursun, indi cavab versin - çempionatda dördüncü yeri tutmaq, kubokda «Qarabağ»ın ümidinə qalmaq üçün bir belə həngamə lazım idimi ona?
Keçən mövsüm «Neftçi» və «Sabah» bundan qat-qat «diri» idi. Ayxan Abbasov altı-yeddi komandanın «qırışdığı» medallar uğrunda mübarizənin içində «Turan»a 48 xal qazandırmışdı. Ehtiram Quliyevin yaxın çevrəsi əl-ayağına dolaşmasaydı, onun əleyhinə stadionda «aksiyalar» təşkil etməsəydi, vaxtında 1-2 oyunçu almasına köməklik göstərsəydi, gör, daha neyləyərdi! Öz azərbaycanlısına bu münasibəti sərgiləməyən sədr Rusiyadan «Baba»nı dartıb Tovuza gətirməsinin altını çəkir indi. On ay əvvəlin büdcəsi ilə bugünkü büdcənin arasında milyonlarla manat fərq əmələ gəlib, amma istənilən o komanda hələ də əmələ gəlməyib.
Məgər Ehtiram Quliyev demir ki, mən futbola cibimin pulunu xərcləyirəm? Elə isə adam min əziyyətlə qazandığı pulun qədrini bilməz? Görüm, Berdiyevə güldən ağır söz deyəcək? «Mən bu qədər artıq pul xərclədim ki, sonda «Qarabağ»dan asılı olum» sualını «Baba»ya verməyə özündə təpər tapacaq?
MUSA