Vətənionfo.az xəbər verir ki, Pakistan mayın 7-də səhər saatlarında Hindistanın hava hücumları nəticəsində ən azı 26 mülki şəxsin həlak olduğunu, nüvə silahına malik iki qonşu ölkə arasında gərginliyin genişmiqyaslı münaqişəyə doğru irəlilədiyini bildirib.
Yeni Dehli Hindistanın nəzarətindəki Kəşmirdə 22 aprel tarixində baş verən sarsıdıcı hücumdan sonra “terror düşərgələrini” hədəf aldığını açıqlayıb. Lakin İslamabad mülki yaşayış məntəqələrinin bombalandığını və nəticədə 26-dan çox insanın öldüyünü, 46 nəfərin isə yaralandığını bəyan edib.
Pakistan həmçinin sərhədyanı hava hücumlarına cavab olaraq beş Hindistan qırıcı təyyarəsini vurduğunu iddia edib. Hindistanın yerli hökumət rəsmiləri isə ölkənin nəzarətindəki Kəşmirdə üç qırıcı təyyarənin qəzaya uğradığını bildirsələr də, Yeni Dehli bu barədə rəsmi açıqlama verməyib.
Gərginlik artdıqca Hindistan və Pakistan arasında mübahisəli sərhəd boyunca qarşılıqlı olaraq ağır artilleriya atışmaları olub. Hər iki tərəfdə ölənlər olduğu bildirilib. Hindistan Pakistanın artilleriya atəşinin Kəşmirdə de-fakto sərhəd boyunca üç mülki şəxsin ölümünə səbəb olduğunu açıqlayıb.
“Reuters” xəbər agentliyinə açıqlama verən dörd yerli hökumət mənbəyi Hindistanın sərhədyanı hücumlarından bir neçə saat sonra Hindistanın nəzarətində olan Kəşmirdə üç döyüş təyyarəsinin düşdüyünü bildirərkən, Pakistan ordusunun sözçüsü isə beş Hindistan təyyarəsinin vurulduğunu iddia edib. Hindistan daha sonra üç döyüş təyyarəsinin düşürüldüyünü təsdiqləyib.
Hindistan ordusu “ədalət bərqərar oldu” açıqlamasını verərkən, Yeni Dehli hərəkətlərinin “gərginliyi azaldıcı” olduğunu bildirib.
Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif Hindistanın Baş naziri Narendra Modini daxili populyarlığını artırmaq üçün bu hücumları təşkil etməkdə ittiham edib, lakin İslamabadın buna cavab verdiyini deyib.
Asif AFP xəbər agentliyinə verdiyi açıqlamada “Cavab başladı. Hesabı bağlamağımız çox çəkməyəcək” deyib.