AZ

İki övladını xəstəlikdən itirdi, digər ikisinin də müalicəyə ehtiyacı var... - BEYLƏQAN SAKİNİNDƏN PREZİDENTƏ MÜRACİƏT

Beyləqan rayon sakini Mikayılzadə Məlahət Mətləb qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva müraciət edir:

"Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Hörmətli Leyla xanım!

Mən, Mikayılzadə Məlahət Mətləb qızı, çox çətin və ağır vəziyyətdə olduğum üçün Sizlərdən kömək istəyirəm. Hər bir ana istəyər ki, dünyaya sağlam uşaq gətirsin. Övladlarımın ikisi də nadir və genetik olan xəstəlikdən əziyyət çəkirlər. Bu xəstəlik genetik analiz nəticəsində müəyyən edilmişdir və təəssüf ki, digər iki övladım da eyni xəstəlik səbəbindən dünyasını dəyişmişdir.

Övladım Çimnaz Mikayılzadəyə Respublika Pediatriya Mərkəzində ürək ritminin pozulması, Uzun QT sindromu, Timotu sindromu diaqnozu qoyulmuşdur. Oğlum Əyyub Mikayılzadədə isə, bacısında olduğu kimi, CACNA1C geni fenotipi, bədənində sümük zəifliyi, Meckel sindromu 3, skelet deformasiyası və digər əlamətlərlə müşahidə olunmuşdur.

Bu xəstəliklərin müalicəsi üçün xüsusi iynələr, dərmanlar və fizioterapiya seansları tələb olunur. Ailə olaraq indiyədək gücümüz çatan qədər dəstək olmağa çalışmışıq, lakin hazırda maddi imkanımız tükənmişdir. Övladlarımızın atası da ürək xəstəliyindən əziyyət çəkir ki, bu da vəziyyətimizi daha da ağırlaşdırır.

Hal-hazırda mən və övladlarım Bakı şəhərində kirayədə yaşayırıq. Bir fizioterapiya seansı hər uşaq üçün 50 manat təşkil edir. İki uşaq üçün isə gündəlik 100 manat edir. Onların hər gün fizioterapiya almaları vacib olsa da, maddi səbəblər buna imkan vermir. Həkim qəbulları isə 100-150 manat civarındadır.

Övladlarımın həkimləri:

- Cavid Sərdarzadə ("Leyla Medical");

- Erkin Rəhimov ("Baku Medical Plaza");

- Nərgiz Abıyeva ("Liv Bona Dea")

Fizioterapevtlər:

- Müjgan Rzayeva ("Yeni Klinika");

- Məhəmməd Əliyev ("Bakı Sağlamlıq Mərkəzi");

- Zöhrə Haşımova, Stevan Tekic ("Liv Bona Dea");

- Rüfət Cabbarlı ("Medipark");

- İltifat Qurbanzadə ("Baku Medical Plaza").

Digər mütəxəssislər:

- Psixiatr Aydan İsgəndərzadə ("Bona Dea");

- Uroloq-androloq Kamran Qasımbəyli ("Baku Medical Plaza");

- Uşaq kardioloqu Bəhruz Əliyev.

Uşaq ortodontlarına isə ayırmağa hələ büdcəmiz olmayıb. Lakin daimi dişləri tökülməyə başlayıb və çənə strukturunda deformasiyalar yaranıb.

Hazırda Əyyub Mikayılzadə 3-cü qrup əlillik dərəcəsi alıb. Lakin genetik xəstəlik müəyyən olunduğu üçün daimi statusla pensiya almalıdır və dərmanlarla təmin edilməlidir.

Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Hörmətli Leyla xanım!

Mən bilirəm ki, Sizlər bu yazını görsəniz bu xahişimi və yalvarışımı cavabsız qoymayacaqsınız. Sizə bir ana kimi yalvarıram, uşaqlarımın müalicəsi üçün mənə kömək göstərin. Onlar da digərləri kimi gözümün qabağında məhv olmasınlar. Tək ümüdim Sizlərsiniz.

Tək arzum və istəyim odur ki, hər iki övladımın pensiyası daimi olması və müalicələri təmin olunsun. Çünki genetik xəstəliklər dəyişməzdir. Bununla belə, ABŞ-da - Corc Vaşinqton Universitetində bu xəstəliklə bağlı heyvanlar üzərində elmi araşdırmalar da aparılmışdır.

Bir ana kimi Sizlərdən kömək gözləyirəm". 

Jalə FAMİLQIZI

Seçilən
0
hurriyyet.az

1Mənbələr