BAKI, TurkicWorld
Katolik dünyası yeni papa seçiminin astanasındadır.
TurkicWorld xəbər verir ki, Papa Fransiskin vəfatından sonra Katolik kilsəsində yeni ruhani liderin seçilməsi üçün konklav prosesi rəsmən başlayıb.
Vatikanın Sikstin kapellasında keçirilən səsvermədə 133 kardinal iştirak edir. Məxfi şəkildə keçirilən bu prosesdə mobil telefon siqnalları bloklanıb və kardinallar sükut andı içiblər.
Yeni papa gündə maksimum dörd səsvermə ilə müəyyən olunacaq. Seçim üçün namizədin üçdə iki səs çoxluğu qazanması tələb olunur. Seçim baş tutduqda, Sikstin kapellasının bacasından ağ tüstü qalxacaq və Müqəddəs Pyotr Bazilikasının eyvanından “Habemus Papam” – “Bizim Papamız var” elan ediləcək.
Namizədlər arasında Vatikanın ikinci adamı hesab edilən Pietro Parolin, islahatçı mövqeyi ilə tanınan filippinli Luis Taqle, amerikalı Robert Prevost, mühafizəkar avropalı Peter Erdo və Afrikanın tanınmış nümayəndəsi Peter Turkson kimi güclü adlar var. Xüsusilə Taqle və Turksonun seçilməsi Katolik dünyasında coğrafi və siyasi baxımdan yeni istiqamətlərin göstəricisi ola bilər.
Qeyd edək ki, Papa Fransiskin dövründə həyata keçirilən islahatların yeni papa tərəfindən davam etdirilib-etdirilməyəcəyi sualı hələ də açıq qalır. Müşahidəçilər bildirir ki, Frensis tərəfindən təyin edilmiş kardinalların çoxluğu bu seçkidə həlledici rol oynaya bilər.