Bakının Nizami rayonu, Bəkir Çobanzadə və Bəhruz Nuriyev küçələrinin kəsişməsində baş verən çökmənin səbəbi məlum olub.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-a verilən məlumatda məsələyə aydınlıq gətirilib.
"Ərazidəki yol infrastrukturunun altında yağış drenaj xətləri və quyuları yerləşir. 20 gün öncəki intensiv yağışlarda drenaj sisteminin dəfələrlə artıq yüklənməsi və həmçinin bu xətlərin istismar müddətinin başa çatması nəticəsində şəbəkədə şişmə baş verib və bu da yekunda torpaq qatının çökməsinə səbəb olub.
Xətt bərpa edilsə də, iki gün əvvəlki yağışlar yenidən həmin xətti zədələyib. Bununla bağlı hazırda ərazidə Bakı Sukanal İdarəsinin texniki mühəndisləri drenaj sisteminin əsaslı təmir və bərpası istiqamətində işlər aparırlar", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, aprelin 16-sı baş vermiş çökmə zamanı minik avtomobili həmin çuxura düşərək ciddi zərər görmüşdü.