BAKI, TurkicWorld
TİKA-nın layihələri Kosta Rikada yüksək səviyyədə təqdir olunur
TurkicWorld xəbər verir ki, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Meksika ofisi tərəfindən Kosta Rikada həyata keçirilən yeni layihələr ölkə rəsmiləri tərəfindən yüksək dəyərləndirilib. Layihələrin təqdimatı və açılış mərasimləri Kosta Rikanın müvafiq dövlət qurumları və Türkiyə səfirliyinin iştirakı ilə baş tutub.
TİKA-nın Kosta Rika Milli Fövqəladə Hallar və Riskin Qarşısının Alınması Müdaxilə Agentliyi (CNE) ilə birgə reallaşdırdığı Milli Fövqəladə Hallar Təhsil Proqramına Dəstək Layihəsinin açılışı Kosta Rika Xarici İşlər Nazirliyində təşkil olunub. Mərasimdə Kosta Rikanın xarici işlər üzrə müvəqqəti naziri Lidiya Peralta Kordero, CNE prezidenti Alejandro Xose Pikado Eduarte, Türkiyənin Kosta Rika səfiri Naciye Gökçen Kaya və TİKA-nın Meksika koordinatoru Fatih Abdi Çətin iştirak ediblər.
CNE prezidenti Eduarte çıxışında qeyd edib ki, TİKA tərəfindən təqdim edilən texnoloji avadanlıq, pilotsuz uçuş aparatları və müasir rabitə sistemləri təbii fəlakətlərə operativ reaksiya və vulkan fəaliyyətlərinin monitorinqi baxımından olduqca əhəmiyyətlidir. O, göstərilən dəstəyə görə Türkiyə dövlətinə təşəkkürünü bildirib.
Açılışdan sonra, 2025-ci ilin mayında başlayacaq və eyni ildə tamamlanması planlaşdırılan Dövlət Məktəblərində Kitabxanaların Yaradılması Layihəsinin təqdimatı keçirilib. Bu layihə Kosta Rika Rəyasət Heyətinin “Nağıl Evləri Proqramı” çərçivəsində həyata keçiriləcək.
Layihənin təqdimatında iştirak edən Kosta Rikanın birinci xanımı H.E. Signe Zeikate TİKA-nın təşəbbüsünü yüksək dəyərləndirərək , "TİKA-nın layihəsi ianədən çox şeydir. Bu, ölkələrimiz və qurumlarımız arasında səxavət və bağlılıq ruhunda əsl ittifaqı təmsil edən bir dostluq jestidir" - deyə bildirib.
Qeyd edək ki, TİKA-nın son illərdə Mərkəzi Amerikada, xüsusilə Kosta Rikada həyata keçirdiyi humanitar və inkişaf yönümlü layihələr bu bölgədə Türkiyə ilə əlaqələrin dərinləşməsinə töhfə verir.