Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova Macarıstanın "Vaşaş" klubundan ayrılmasına münasibətini bildirib.
Volybolçu "Report"a açılamasında bu komandada xeyli uğurlar qazandığını söyləyib.
O, 6 il oynadığı klubdan ayrılamsının səbəbi ilə bağlı sualı cavablandırıb.
"Vaşaş" klubunda 6 il çıxış etdikdən sonra ayrılmaq qərarına gəldim. Bu müddətdə komandayla bir çox uğurlar qazandıq. İstər Macarıstan çempionatında və kubokunda, istərsə də avrokuboklarda yaxşı nailiyyətlər əldə etdik. Deyə bilərəm ki, ən yüksək nəticələri məhz bu komandanın heyətində qazanmışam. Buradakı çıxışımın və uğurların ən yüksək səviyyəsinə çatdım. Ona görə də məhz indi klubdan ayrılmaq qərarına gəldim. Əlbəttə, bu qərar heç də asan olmadı, amma hər bir idmançının, voleybolçunun karyerasında dəyişikliklər olur və mənim də qərarım bu mövsümə təsadüf etdi".
A.Abduləzimova qarşıdakı planlardan danışıb:
"Gələcək planlarla bağlı hələ konkret bir fikrim, qərarım yoxdur. Çünki əvvəl də qeyd etmişdim ki, mövsüm kifayət qədər gərgin və sıx qrafiklə keçdi. Və bu uzun mövsümdən sonra həm müalicə olunmalıyam, həm də bir qədər istirahət edəcəyəm".