“Şimal” futbol klubunun məşqçisi Zülfiyyə Bayramovanın İdman.biz-ə müsahibəsi
- Azərbaycanda ilk dəfə kişilərdən ibarət futbol komandasında çalışacaq qadın məşqçi siz olacaqsınız. Kişilərlə işləmək sizi qorxutmur? Birdən sizin sözünüzü eşitmədilər.
- Xeyr. Bu mənə adi bir şey kimi gəlir. Kişi olanda nə olur ki?
- Neçə ildir futbol oynayırsınız?
- On üç ildən çoxdur. Əslində, uşaqlıqdan futbol oynayıram. Ancaq çempionatlara 15 yaşımdan qoşulmuşam. Ona qədər qadın futbolu haqqında geniş məlumatım yox idi. Eşitdim ki, qızlardan ibarət komanda var, mən də qatıldım. Təxminən, on beş ildir ki, oynayıram.
- Neçə yaşınız var?
- 28.
- Necə oldu ki, “Şimal” klubu məhz sizi seçdi?
- Orada çalışan Fazil Salahov əvvəllər məşqçim olub. Çox sağ olsun, onun təşəbbüsü sayəsində bu addımı atdıq. “Şimal” klubu ilə 2025-2026-cı il mövsümünün sonuna kimi müqavilə imzalamışıq. Ümid edirəm, komandaya faydalı ola biləcəm.
- Məşqçilik təcrübəniz var?
- Bəli. AFFA-nın təlimlərində iştirak etmişəm. C kateqoriya məşqçilik sertifikatım var. Uşaq futbol komandalarında məşqçi kimi çalışmışam.
- Həm də “Baku Juniors”un futbolçususuz. İki klubda çalışmaq sizin üçün çətin olmayacaq?
- Xeyr. Öhdəsindən gələcəyimə inanıram. “Baku Juniors”da əvvəl qapıçı idim, son qarşılaşmalarda futbolçu kimi çıxış edirəm, əsasən hücumda oynayıram.
- “Şimal”da yeni mövsümdən Zaur Ramazanovla çalışacaqsınız. Onunla əvvəllər hər hansı iş birliyiniz olub? Ümumiyyətlə, komandada oynayan futbolçuları tanıyırsınız?
- Tanıdıqlarım var. Ancaq hələ ki, məşqlərə qoşulmadığım üçün bu suala dəqiq cavab verə bilməyəcəm.
- Ailənizin, yaxınlarınızın bu təyinata reaksiyası necə oldu?
- Ailəm mənə daim dəstək olur. Hətta bəzən mən nədənsə çəkinəndə anam deyir ki, daha aktiv ol. Gördüyünüz kimi, danışmaqdan xoşum gəlmir. Bizim nəsildə, ailədə qızlara qarşı ayrı-seçkilik yoxdur. Ümumiyyətlə, böyüdülmə şəklindən çox şey asılıdır. Məni başqa cür yetişdiriblər, heç vaxt qız olduğum üçün ikinci planda qalmamışam. Xaçmazda yaşayıram. Rayonda böyüdüyüm üçün həmişə kişi işləri görmüşəm. Ona görə də kişilərlə işləmək məni qorxutmur.
- Siz də “Qadının yeri mətbəx deyil” düşüncəsindəsiniz?
- Xeyr, niyə ki? Mətbəx işlərini də bacarmaq lazımdır.
- Bacarırsınız?
- Əlbəttə.
Aytac Sahəd
İdman.biz