AZ

Azərbaycan Pakistanın yanındadır - Deputat

Pakistanla Hindistan arasında hərbi eskalasiya getdikcə artır. Belə ki, artıq Hindistan Pakistanı hava hücumuna məruz qoyub. Pakistan tərəfinin məlumatına görə, Hindistanın hava hücumları nəticəsində 26 mülki şəxs həlak olub, 47 nəfər yaralanıb. Hava zərbələri Pakistanda bir neçə məscidin dağılmasına səbəb olub. 

Pakistan cavab olaraq Hindistanın 5 hərbi təyyarəsini vurub və bir komanda-qərargah məntəqəsinin məhv edib.

Modern.az-a açıqlamasında Azərbaycan-Pakistan Parlamentlərarası İşçi Qrupunun üzvü  Tahir Rzayev bildirib ki, ölkələrin bir-birilərinə hücumu qəbuledilməzdir:

“Müharibələr, qarşıdurmalar bəşəriyyətə heç vaxt xoşbəxtlik bəxş etməyib. Bunlar nəinki müharibə aparan dövlətlər, eləcə də qonşu ölkələr və dünya üçün ciddi çətinliklərdir. Müharibə iqtisadi əməkdaşlığın pozulması, iqtisadiyyatın zəifləməsi, ilk növbədə isə insanların məhvidir. Pakistan və Hindistan dünyanın ən böyük dövlətlərindən sayılır. Kəşmir münaqişəsinin uzun müddət həll olunmaması ölkələr arasında daimi qarşıdurmalara, müharibələrə səbəb olub. Bu gün ölkələrin bir-birilərinə təsiri, hücumları əlbəttə, qəbuledilməzdir, hər iki ölkənin gələcək inkişafına ciddi maneədir.
Pakistan Azərbaycanla dost, qardaş dövlətdir, daim Azərbaycanın mövqeyini müdafiə edir və beynəlxalq aləmdə ölkəmizin səsinə səs verib. Bu, haqqın, ədalətin müdafiəsidir. Əlbəttə ki, Azərbaycan bu dostluq, qardaşlıq əməllərini daim alqışlayıb qəbul edir. 44 günlük Vətən müharibəsində, 23 saatlıq antiterror əməliyyatları zamanı Pakistan Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bəyan etdi, dövlətimizin yanında olduğunu bildirdi. Bu bir qardaşlıq, dostluq dəstəyidir.  Azərbaycan xalqı onun üçün daim Pakistanın mövqeyini dəstəkləyir”.

T.Rzayev qeyd edib ki, Hindistanla münasibətlərimizdə müəyyən problemlər yaşanır:

“İlk növbədə Hindistan Azərbaycanın haqlı mövqeyini dəstəkləmir, eyni zamanda ölkəmizə düşmən olan, torpaqlarımızı zəbt edən Ermənistanın yanında olduğunu bildirir və onu silahlandırır. Bu, əlbəttə ki, beynəlxalq hüquq normalarına ziddir, bəşəriyyətə xəyanətdir və qəbuledilməzdir. Amma bir insan kimi demək lazımdır ki, müharibə hər iki dövlətin ziyanınadır. Biz Pakistanla qardaş, dost ölkə olmaqla, əlbəttə, onun mövqeyindəyik, bu haqlı mübarizədə Pakistanın qalib gəlib uğurlar qazanmasını arzulayırıq. Ancaq bir insan, vətəndaş kimi müharibələri pisləyir, bu münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq”.

T.Rzayev Azərbaycan-Pakistan Parlamentlərarası əlaqələrdən də danışıb:

“Bir deputat kimi demək istəyirəm ki, Pakistan parlamenti ilə münasibətlərimiz safdır. Pakistan parlamentariləri tez-tez Azərbaycanda səfərdə olublar. İşçi qrupları, səfirliklər səviyyəsində çoxsaylı görüşlərimiz olub. Həmin görüşlərdə deputat kimi qarşılıqlı münasibətlərə, əməkdaşlığa önəm verilməsini dəfələrlə ifadə etmişik. Bu gün də onun tərəfdarıyıq. İstərdim ki, Pakistan və Hindistan rəhbərləri sağlam düşüncə nümayiş etdirsinlər.  İnsanların qırğınına, ölkələrin, şəhərlərin dağılmasına imkan verməsinlər. Bu, hesab edirəm ki, insanlığı düşünən hər kəsin vəzifəsidir”.

Seçilən
0
modern.az

1Mənbələr