Son günlərdə sosial şəbəkələrdə “Sabah” klubunun U-16 milli komandasına futbolçu göndərmədiyi ilə bağlı məlumatlar yayılıb. İddia edilir ki, paytaxt təmsilçisi 16 yaşlılalardan ibarət Azərbaycan çempionatında nəticə qazanmaq üüçün futbolçuları yığmaya göndərməyib.
Məsələ ilə bağlı “Sabah” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq. O, iddialarla bağlı İdmanxeber.az saytına bunları dedi:
“U-16 milli komandasına futbolçuların cəlb olunması ilə bağlı “Sabah” Futbol Klubuna heç bir rəsmi müraciət daxil olmayıb.
“Sabah” Futbol Akademiyası fəaliyyət göstərdiyi müddət ərzində bütün yaş qrupları üzrə müxtəlif milli komandalara çoxsaylı futbolçular göndərib və bu proses hər zaman əməkdaşlıq və qarşılıqlı anlaşma şəraitində həyata keçirilib.
Uşaq futbolunun inkişafı və gənc futbolçuların yetişdirilməsi “Sabah” Futbol Klubunun əsas strateji hədəflərindəndir. Bu istiqamətdə görülən işlər davamlıdır və milli komandalara futbolçu vermək bizim üçün hər zaman qürur mənbəyi olub.
Eyni zamanda, “Sabah” Futbol Klubu olaraq Azərbaycan çempionatına və burada keçirilən bütün yarışlara yüksək dərəcədə hörmətlə yanaşırıq. Daxili yarışların keyfiyyətinin və rəqabətliliyinin artırılması ölkə futbolunun inkişafı üçün əsas şərtlərdən biridir və klubumuz bu baxışa sadiqdir”.