“İnter”in baş məşqçisi Simone İnzaqi UEFA Çempionlar Liqasının yarımfinalının “Barselona” ilə cavab oyununu şərh edib.
Arena.az məlumat verir ki, “Barselona” səfərindən 3:3 hesablı heç-heçə ilə qayıtmış “neradzurri” “Cüzeppe Meatsa”dakı dramataik oyunu 4:3 (əsas vaxt 3:3) hesabı ilə qazanıb.
Əlavə edək, “İnter” birinci hissədə 2:0 hesablı üstünlüyünü əldən verərək 2:3 hesablı məğlub vəziyyətə düşüb, 90+3-cü dəqiqədə bərabərliyi yaxalayıb, əlavə vaxtın birinci hissəsində isə qələbə qolunu “blauqrana”nın qapısından keçirib.
İnzaqi qarşılaşmadan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“İlk növbədə mən “Barselona”nı təbrik etmək istəyirəm – həqiqətən yüksək səviyyəli bir komandanı. Bizim oyunçularımız imkanlarının son həddində oynamağa məcbur idilər, onlara müstəsna futbol nümayiş etdirmək müyəssər oldu. Onların fövqəladə hazırlığını qeyd etmək gərəkdir – iki oyunda inanılmaz təpər və oyun keyfiyyəti nümayiş etdirdilər.
Əlbəttə, bizim çətinliklərimiz vardı, amma bizim ürəklərimiz və mütəşəkkilliyimiz bütün maneələri dəf etməyə bizə kömək etdi. Birinci oyundan sonra biz strategiyanı dəqiqliklə başa düşürdük, yüksək komanda fədakarlığı və qarşılıqlı kömək olmadan, bizə, müvafiq nəticəyə müvəffəq olmaq çətin olardı. Bu uşaqlar öz əməyi və təpəri ilə finala layiqdirlər.
Belə peşəkarları çalışdırdığım üçün qürur duyuram və şadam ki, onlar belə bir vacib stadionda müvafiq nailiyyətlərindən zövq ala bilərlər”, – “TUTTOmercatoWEB” dərgisi italyan mütəxəssisdən sitat gətirir.
Finala yüksəlmiş “İnter” həlledici oyunda bu gün keçiriləcək PSJ – “Arsenal” (ilk oyun 1:0) cütünün qalibi ilə qarşılaşacaq.
Cari mövsümdə “trebl” imkanından məhrum olmuş “Barselona” isə ümidlərini növbəti mövsümə bağlamalı olub.