Lənkəran, 7 may, İlkin Adıyev, AZƏRTAC
Azərbaycanın cənub bölgəsində yerləşən və təbiətsevərlərin diqqətini cəlb edən Qızılağac Milli Parkı ölkənin ən böyük su-bataqlıq ərazisidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, parkın ümumi sahəsi 99 min hektara yaxındır və onun ərazisi Lənkəran, Masallı və Neftçala rayonlarını əhatə edir.
Park həm təbii sərvətlərin qorunması, həm də ekoturizmin inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Qızılağac Milli Parkı, eyni zamanda, Ramsar Konvensiyası ilə beynəlxalq əhəmiyyətli su-bataqlıq sahəsi kimi qeydiyyata alınmış ərazilər sırasına daxildir.
Milli Parkda 270 növ quş, 47 növ balıq və müxtəlif məməli heyvanlar yaşayır. Ərazidə rast gəlinən bəzi nadir və nəsli kəsilməkdə olan quşlar sırasında mərməri ördək, ağqaş qaz, gürzə, qamışlıq pişiyi, çöl donuzu və canavar kimi növlər yer alır.
Parkın bitki örtüyü də diqqətəlayiqdir. Burada Xəzər şanagülləsi, ağ suzanbağı, qamış, ciyən, yovşan və bir çox başqa nadir bitki növlərinə rast gəlinir. Qızılağac Milli Parkında həmçinin 4 az yayılan, 3 Qafqaz endemiki və 1 Azərbaycan endemiki bitki növü qorunur.
Ekoturizmin inkişafı məqsədilə turistlər və yerli sakinlər üçün quş müşahidə zonaları, bələdçi xidmətləri və məlumatlandırma guşələri yaradılıb. Ən çox ziyarət edilən dövrlər isə yaz və payız mövsümlərinə təsadüf edir – bu zaman minlərlə köçəri quşlar burada məskunlaşır.