Hindistanın Madxa Pradeş ştatında 17 nəfər naməlum yırtıcı heyvanın hücumunun qurbanı olub.
Publika.az xəbər verir ki, hadisə mayın 5-nə keçən gecə Racpurun meşə ərazisində yerləşən Limbai kəndində baş verib. Anormal istilər səbəbindən açıq havada dincələn bütün zərərçəkənlər təcili olaraq yerli xəstəxanaya çatdırılıblar. Ağır bədən xəsarətləri alanlardan üçü rayon tibb məntəqəsinə çatdırılıb.
Ən ciddi hadisə çənəsi sınmış 70 yaşlı Rayli Bayın başına gəlib. Vəziyyətinin ağır olmasına baxmayaraq, reanimasiyada onun səhhəti stabilləşib. Hücumun bütün qurbanlarına profilaktik tədbir olaraq quduzluq peyvəndi vurulub.
Meşə idarəsinin rəsmisi Aşiş Bansod bildirib ki, yaraların xarakteri quduz bir heyvanın hücumuna işarə edir. Müxtəlif yırtıcıların fotoşəkillərinə baxan yerli sakinlər təcavüzkarın görkəmini müəyyən edə bilməyiblər. Bölgədə meymun və ya canavar populyasiyası olmadığı üçün hücumun quduz it tərəfindən edildiyi düşünülür.
Qeyd olunur ki, yırtıcını tutmaq üçün əraziyə patrul dəstələri cəlb edilib və tələlər qurulub. Səlahiyyətlilər əhalini ayıq-sayıq olmağa və gecəni açıq havada keçirməməyə çağırıb.